Bu gün "Səs" qəzetinin redaksiyasında 15 iyun- Milli Qurtuluş gününə həsr olunan dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, dəyirmi masanı açıq elan edən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev tədbirin keçirilməsi məqsədindən danışıb. Baş redaktor 15 iyun tarixinin ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyi gün olduğunu və bu günün ölkədə Milli Qurtuluş Günu kimi qeyd edildiyini xatırladaraq bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpasında Heydər Əliyevin hakimiyyətə qayıdışının əvəzsiz xidməti olub. Daha sonra müzakirələr üçün söz tədbir iştirakçılarına verilib.
YAP İdarə Heyətinin üzvü Kərim Kərimov çıxışında bildirib ki, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti geniş sahəlidir və bunu bir günlük mövzuya daxil etmək mümkün deyil: \"15 iyun Azərbaycanın tarixinə şərəfli təqvim kimi daxil olub və çox haqlı olaraq bu günü Milli Qurtuluş Günü kimi bayram edirik. Azərbaycanımızın bu gününün yadda qalan hadisəsi ulu öndərin öz xilaskarlıq missiyasına başlaması ilə bağlıdır. 1993-cü il iyunun 15-də Heydər Əliyev Ali Sovetinin sədri seçildi. Bu, ölkə tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycan dövlətçiliyi ona qarşı yönələn qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildi, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas oldu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandı. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə bəyan edib: \"Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir\".
AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva isə Heydər Əliyevin digər sahələrdə olduğu kimi mədəniyyət sahəsinə də böyük diqqət ayırdığını xüsusi vurğulayıb: "Ulu öndərə ona görə borcluyuq ki, bu böyük tarixi şəxsiyyət öz qayıdışı ilə müstəqilliyimizi xilas etdi. Bütövlükdə Azərbaycanımızı, onun milli dəyərlərini, mədəniyyətini xilas etdi. Təsəvvür edin, 90-cı illərin əvvəllərində ölkədə elə bir vəziyyət yaranmışdı ki, mədəniyyət, incəsənət barədə düşünmək belə mümkün deyildi. Ölkədə qanlı müharibə gedirdi. Erməni vandalları öz himayədarlarına arxalanaraq qədim mədəniyyətimizin beşiyi olan Qarabağda abidələrimizi dağıdırdılar. Ölkədə olan mədəniyyət müəssisələri fəaliyyətsiz qalmışdı. Kinoteatrlar, teatrlar, muzeylər, kitabxanalar işləmirdi. İşləyənlər də işləməsə ondan yaxşı idi. Rəssamlarımızın emalatxanalarında iş dayanmışdı. Heydər Əliyev millətin taleyi üçün misilsiz əhəmiyyət daşıyan bütün fəaliyyət sahələrinə həmişə ciddi diqqət yetirən bir siyasətçi kimi tezliklə mədəniyyətin inkişafı üçün mühüm tədbirlər gördü. Ulu öndər respublikaya rəhbərlik etdiyi 70-80-ci illərdə keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarına axın-axın göndərdiyi gənclərin, ziyalıların, 1969-1982-ci illər ərzində respublikamızın təhsil, mədəniyyət, incəsənət sahələri üçün yaratdığı zəngin maddi və mənəvi potensialın səfərbər edilməsi hesabına müstəqil dövlətimizdə mədəniyyətin tənəzzül vəziyyətindən çıxarılması uğrunda fəaliyyətə başladı. Tez bir zamanda cəmiyyətdə elm, təhsil və mədəniyyət xadimlərinin rolu yüksəlməyə başladı".
YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov da tədbir iştirakçılarının fikirlərinə dəstək olaraq qeyd edib ki, bu tarix Azərbaycan xalqının yaddaşına dərin həkk olunub: "Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun tarixinin önəmi, əhəmiyyəti hər birimizə aydındır. Azərbaycan parçalanmaq, öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə çətin məqamda Azərbaycan xalqı ulu öndər Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etdi. Xalqı ilə birlikdə olduğunu bəyan edən ulu öndər Heydər Əliyev iyunun 9-da Bakıya gəldi. Onun qardaş qırğınının qarşısını almaq istiqamətində göstərdiyi səylər o dövrün hadisələrinin şahidi olanların yaddaşındadır. Həmin gün Azərbaycanın bugünkü inkişafının təməli qoyuldu. 18 ildə Azərbaycan fəlakətlərdən, iflasdan geniş inkişaf yoluna çıxaraq bu gün dünyanın ən sabit, əmin-amanlığın bərqərar olduğu, iqtisadiyyatı sürətlə inkişaf edən, dünyada rolu və əhəmiyyəti artan bir ölkəyə çevrilib".
"Azərbaycanın siyasi durumunun gərginliyi 1993-cü ilin fevralın 9-dan başlayıb. 1995-98-ci illərdə Azərbaycanda özəlləşdirmə siyasəti baş tutdu. Belə bir hadisənin Azərbaycanda keçirilməsi Şərqdə ilk dəfə idi. Bununla yanaşı, ulu öndər Heydər Əliyev Gömrük tarifi haqqında 23 qanun qəbul edib\"-, deyən Politoloq Cümşüd Nuriyev bildirib ki, ulu öndərin hakimiyyəti illərində normativ hüquqi baza yaradılıb: \"O zamanki qanundakı boşluğu qısa zamanda məhz ümummilli liderimiz doldura bildi. AXC-Müsavat iqtidarı uzun müddət öz yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə çatdırdı. Vətəndaş müharibəsi üçün zəmin yarandı. Başlanan bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən iqtidar son anda kömək üçün Heydər Əliyevə müraciət etdi. Heydər Əliyev xalqın bu ağır günündə şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı".
YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov isə Heydər Əliyevin hakimiyyətə qayıdışının Azərbaycan iqtisadiyyatı üçün önəmli hadisə olduğunu vurğulayıb: "90-cı illərin əvvəllərində Azərbaycanın yaşadığı duruma nəzər salsaq, ölkəmizin nələrdən xilas olduğunu əminliklə deyə bilərik. Heydər Əliyevin qayıdışı ilə Azərbaycan başının üstünü alan real təhlükələrdən, xaosdan, iqtisadi tənəzzüldən xilas oldu. Ümumiyyətlə, xalqımız sabaha ümidsizlikdən xilas edildi. Azərbaycan yenicə müstəqillik əldə etmiş gənc dövlətin gələcəyini şübhə altına alan o zamankı səriştəsiz rəhbərliyin fəaliyyəti nəticəsində düçar olduğu beynəlxalq təcriddən xilas oldu. Heydər Əliyevin böyük siyasi iradəsi, qətiyyəti, müdrikliyi, Azərbaycana bəslədiyi hədsiz sevgisi və məhəbbəti sayəsində ölkəmizin gələcək inkişafı üçün elə etibarlı dayaq yaradıldı ki, bu bünövrənin üzərində respublikamız sürətlə inkişaf edir. Onu da vurğulayım ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Misal olaraq, ölkəmizdə 1992-ci ildə valyuta ehtiyatları demək olar ki, yox idi. Ancaq indi bu göstərici 50 milyard, 5 ildən sonra isə 100 milyard dollar olacaq".