“Yeni Azərbaycan” qəzetinin redaksiyasında Milli Qurtuluş Günü qeyd olundu-FOTO

13 İyun 2012 14:48 (UTC+04:00)

Bu gün "Yeni Azərbaycan" qəzetinin redaksiyasında 15 iyun-Milli Qurtuluş Gününə həsr olunan dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, dəyirmi masada çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi müddətə kimi ölkədə olan vəziyyət barədə danışıb. O bildirib ki, həmin dövrdə ölkədə etnik-separatçılıq baş alıb gedirdi: \"Ermənilərin etnik separatçılığı ölkədə olan digər etnik qrupları da separatçılığa sövq edirdi. Azərbaycanın cənubunda, şimalında müəyyən qüvvələr birləşərək Azərbaycan dövlətçiliyinə qarşı sui-qəsd etməyə çalışırdılar. Bu qüvvəllər isə ayrı-ayrılıqda xarici qüvvələr tərəfindən dəstəklənirdi. Eyni zamanda, Azərbaycanda ayrı-ayrı şəxslər hakimiyyətə gəlmək üçün həmin qüvvələrlə dialoqa gedirdilər. Həmin dövrdə xalq hesab edir ki, Azərbaycan xalqının lideri hələ ki siyasi arenada yoxdur və ölkəyə rəhbərlik edənlər Azərbaycan xalqının həqiqi rəhbəri deyil. Əslində hansısa formada prezident seçilən şəxsin özü də özünü lider kimi görmürdü. Bu çıxılmaz vəziyyətdə Azərbaycan xalqının gözü Naxçıvana, yeganə ümid yeri olan Heydər Əliyevə dikilmişdi. Ölkənin hər yerində izdihamlı mitinqlər keçirilir, Heydər Əliyevin təcili olaraq Azərbaycan Respublikasında rəhbərliyə gətirilməsi tələb olunurdu. Belə bir vaxtda ulu öndər Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı. Ulu öndər Heydər Əliyev elə nadir tarixi şəxsiyyətlərdəndir ki, hələ sağlığında xalqının qəlbində özünə möhtəşəm bir abidə ucaldaraq canlı əfsanəyə çevrilmişdir. Bu, hər kəsə nəsib olmayan yenilməz siyasi iradənin, xalqına, Vətəninə olan sonsuz məhəbbətin bariz nümunəsi idi\".


Daha sonra millət vəkili Arif Rəhimzadə isə həmin dövrdəki siyasi vəziyyəti şərh edib. Onun sözlərinə görə, 1993-cu ilin may ayında cəmiyyətdə artıq belə bir fikir formalaşdı ki, bu ağır vəziyyətdən xalqı və dövləti yalnız Heydər Əliyev çıxara bilərdi: "Heydər Əliyev haqqında o zaman çox insan fikirləşirdi. Bu çıxılmaz vəziyyətdə Azərbaycan xalqının gözü Naxçıvana və xalqın yeganə ümidi olan Heydər Əliyevə yönəlmişdi. 1992-ci ilin noyabrında bir qrup aktiv mövqedə olan insanlar müraciət qəbul etdi. Heydər Əliyev də bu müraciətə biganə qala bilmədi. O deyirdi ki, mən xalqın qarşısında öz borcumu yerinə yetirmişəm, amma laqeyid baxa bilmərəm ki, gözümün qarşısında dövlət dağıdılır və insanlar belə əziyyət çəkir. Heydər Əliyevin hakimiyyətə gəlməsindən bəzi vəzifə hərisliyinə tutulan insanlar çəkinirdilər. Bütün bu istəkləri və arzuları nəzərə alan Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. 1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu yeni tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu. Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə qoca Qafqazın bu bölgəsində yeni bir siyasi dövr, yeni təfəkkür mərhələsi başlandı. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi daxil olmasına əsaslı təminat yaratdı".


Politoloq Cümşüd Nuriyev isə həmin dövrdə baş verənlərlə bağlı maraqlı açıqlama verib. O qeyd edib ki, mayın 19-da prezident aparatındakı görüşdə Əbülfəs Elçibəy ilk dəfə olaraq etiraf etdi ki, biz hakimiyyəti idarə edə bilmirik, tezliklə Gəncə işğal olunacaq: "Bir çıxış yolu olmalıdır. Burada ilk dəfə olaraq Heydər Əliyevin hakimiyyətə gəlməsi məsələsi qaldırıldı. Bu məsələnin ən çox əleyhinə gedənlər də Pənah Hüseynovla İsa Qəmbər oldu. Sonra bəzi insanlar deməsinlər ki, bu iyunun 4-dən sonra olub. Əbülfəs Elçibəy Süleyman Dəmirəllə danışandan sonra bu məsələni etiraf etdi. Son günlər Nemət Pənahlı açıqlama verir ki, Heydər Əliyevə Gəncədə sui-qəsd təşkil olunmuşdu. Bəli, bu məsələ var idi və bundan xəbərimiz olub. Bunu biz bilirdik. Amma onu heç də sui-qəsddən Nemət Pənahlı qurtarmayıb\".


Daha sonra çıxış edən "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri Aydın Hüsyenov, Milli QHT Forumunun sədri Rauf Zeyni də Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.