“Vaşinqton Qarabağın nizamlanmasında məsuliyyəti Moskva ilə bölüşməyə hazırdır”

13 İyun 2012 13:33 (UTC+04:00)

"ABŞ üçün Qafqaz geniş xarici siyasət və təhlükəsizlik məsələləri üzrə iş aparmaq üçün forum kimi xidmət edir". SİA-nın xəbərinə görə, bunu Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Rusiya və Avrasiya proqramları üzrə rəsmisi Sergey Markedonov "The National İnterest" jurnalında ABŞ dövlət katibi Hillari Klintonun Cənubi Qafqaz bölgəsinə son səfəri ilə bağlı nəşr etdirdiyi məqaləsində yazıb. O, Amerikanın Azərbaycan və Ermənistanla mövcud maraqlarının bəzi nüansanlarından danışıb: "Ermənistan və Azərbaycan Birləşmiş Ştatların Yaxın Şərq siyasətinin genişlənməsində mühüm ölkələrdir. İslam dünyasında nüfuzu olduqca aşağı olan Amerika Azərbaycanın dünyəvi hakimiyyəti ilə münasibətlərinin möhkəmləndirilməsində maraqlıdır. Bununla yanaşı, Azərbaycanın postsovet dövlət quruculuğu təcrübəsi digər müsəlman ölkələrinə ideoloji model kimi xidmət edə bilər. ABŞ Ermənistandan isə Ankaraya qarşı təsir vasitəsi kimi istifadə edir. Bu mənada, Hillari Klintonun 2010-cu ildəki səfəri çərçivəsində Yerevanda "soyqırımı" abidəsini ziyarət etməsi təsadüfi deyildi. Vaşinqtonun Qafqazda marağı bəllidir, lakin bu maraq bir məsələyə bağlı deyil - geniş xarici siyasət layihələrinin, o cümlədən Rusiya ilə münasibətlərin bərpası, Yaxın Şərq məsələlərinin, İran və Türkiyə problemlərinin həllinin bir hissədir. Göründüyü kimi, Moskva, Tehran və Ankaranın Cənubi Qafqaz bölgəsinə bir cür, Vaşinqtonun isə müxtəlif yanaşması barədə danışmaq olar".

Dağlıq Qarabağ münaqişəsindən danışan Sergey Markedonov bildirib ki, Gürcüstandakı münaqişələrdən fərqli olaraq Dağlıq Qarabağ məsələsində Vaşinqtonun Moskva ilə geniş əməkdaşlıq potensialı var. Cənubi Qafqazdakı bu münaqişənin nizamlanması prosesində neo-sovet bərpası təhlükəsini hiss etməyən Vaşinqton Ermənistan-Azərbaycan qarşıdurmasının nizamlanmasında məsuliyyəti Moskva ilə bölüşməyə hazırdır.