\"Sarı gəlin\" Beynəlxalq Muğam Mərkəzində

13 İyun 2012 10:56 (UTC+04:00)
"Ankaf" şirkətinin istehsal etdiyi "Sarı gəlin" sənədli filminin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri, elm və incəsənət xadimləri, media mənsubları iştirak ediblər.


Teleaparıcı Nərgiz Cəlilovanın idarə etdiyi tədbir iki hissədən ibarət olub. Birinci hissədə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Xakas Respublikası, Qaqauz Yerini təmsil edən folklor kollektivləri "Sarı gəlin" mahnısını öz dillərində, özlərinin milli geyimi və musiqi alətlərində təqdim ediblər. Azərbaycandan xanəndə Səbinə Ərəbli və əməkdar artist Sevda Ələkbərzadə sözügedən mahnını iki formada təqdim ediblər.


Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayav bildirib ki, tarix boyu ürəklərdə yaşayan "Sarı gəlin"lə bağlı çəkilən film Azərbaycan mədəniyyətinə təcavüz edənlər üçün layiqli bir cavabdır: "Xalqımız keçmişinə baxanda həmişə qürur hissi ilə yaşayır. Biz mədəniyyətimizi bölüşən xalq olmuşuq. Xalq mahnılarımızın müxtəlif dillərdə oxunması da bizim mədəniyyətimizin zənginliyidir. Ancaq bədnamlar bundan sui-istifadə edərək, bizim mədəniyyəti özününküləşdirməyə çalışırlar. Biz də bu cür layihələrlə mədəniyyətimizə təcavüz edənlərə layiqli cavab veririk".


Daha sonra film nümayiş olunub. Tarixi faktlar əsasında çəkilən filmdə "Sarı gəlin" mahnısının yaranma səbəblərindən danışılıb. Şeyx Sənanla qıpçaq qızının arasında yaşanan sevgi tarixi hadisələrlə uzlaşdırılıb. Mahnının yaranış mahiyyəti ərazi olaraq hara bağlı olması, qıpçaqların türk köklü olduğuna dair sübutlar tarixi faktlarla əsaslandırılıb. Filmdə Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya tarixçilərinin qıpçaqlar haqqında maraqlı fikirləri yer alıb. Azərbaycan dilində çəkilən filmin titrlərdə ingilis dilində tərcüməsi də qeyd olunub.


Tədbir zamanı filmin müəllifləri tamaşaçıların diqqətinə mədəni irsimizin nümunələrindən olan qədim mahnını elmi araşdırmalar baxımından təqdim edib. Tədbirdə iştirak edən qonaqlara "Sarı gəlin" filminin diski və filmdə söylənilən faktlar əsasında 3 dildə yazılmış kitab hədiyyə edilib.


Filmin baş prodüseri, xeyriyyəçi Nazim Abdullayev, ssenari müəllifi İdris Heydərli, rejissoru Rövşən Nicatdır.