Məhsulu belə becərərlər - FOTOLAR

12 İyun 2012 17:54 (UTC+04:00)

Azərsun Holding Biləsuvar rayonu ərazisində əkdiyi taxıl məhsulunun yığımını həyata keçirib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, "Azərsun Holding" müəssisədə kənd təsərrüfatı məhsullarının istehsalı barədə yerindəcə məlumat verib.

Kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyevin iştirakı ilə ilk öncə tərəvəz, nar, şəkər çuğunduru əkilən sahələrə baxış keçirilib. Bu məhsulların çiləmə yolu ilə suvarılmasının əhəmiyyətli olması vurğulanıb.

Sonra toxumluq taxıl məhsulu olan buğdanın təmizlənərək dərmanlanıb yığılması prosesi ilə tanışlıq olub. Daha sonra əkin sahəsindən taxıl biçilərək ölçülməsi izlənilib. Bu zaman məlum olub ki, 1 hektar torpaq sahəsində əkilən ərazidən 53 sentiner taxıl məhsulu əldə olunub. Təəccüb doğuran rəqəm taxılın xüsusi aqrotexniki qaydada əkilib becərilməsi olub. Azərbaycanda taxıl istehsalında 1 hektara 25 sentiner taxıl yığımının praqnozlaşdırıldığı halda "Azərsun Holdinq" istehsal etdiyi məhsulla rekord rəqəm ortaya qoyub. Nazir müavini B.Əliyev şirkətin əldə etdiyi uğuru müsbət qiymətləndirərək ölkəmizdə fəaliyyət göstərən digər fermerlərin bu üsullardan istifadə etmələrini məsləhət görüb.


İqbal Mikayılov