Uşaqların maliyyə savadlılığı artırılacaq

12 İyun 2012 11:44 (UTC+04:00)

Bu gün Mərkəzi Bank və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində "Uşaqlar üçün Maliyyə Təhsili və Maliyyə Savadlığı: Gələcək Naminə Bərabər İmkanlar" mövzusunda milli konfrans keçirilib.

SİA-nın məlumatına görə, konfransda Mərkəzi Bankı, Təhsil Nazirliyinin və UNİCEF-in nümayəndələri iştirak edib. Uşaqların müstəqil düşünməsi və istedadlarının inkişaf etdirilməsindən danışan Təhsil Nazirliyinin baş məsləhətçisi Sevil Məmmədov bildirib ki, bu iş məktəblərdən başlamalıdır. Onun sözlərinə görə, bu cür mühüm layihələr çərçivəsində məktəblərə yardımlar göndərilir: "Lakin əksər məktəb direktorları sonrakı dövrlərdə bunu şagirdlərə yox, məktəbin avadanlığı üçün özləri istifadə edir. Bu yolla istedadı olan uşaqlara psixiloji təsir edirlər, onları ruhdan salırlar".

Daha sonra çıxış edən UNİCEF-in Bakı nümayəndəliyinin uşaq hüquqlarının müdafiəsi departamentinin direktoru Munir Məmmədzadə Azərbaycan cəmiyyətinin mükəmməl ailə institutuna malik olduğunu deyib. Onun sözlərinə görə, bəzən bu ailə institutları uşaq qarşısında sədd rolunu oynayır: "Onlara qarşı məhdudiyyətlər qoyur. Bu da onların istedadına mane olan məsələdir. Bununla da uşağın müstəqil həyatda əldə etmək istədikləri biliklərin qarşısını alınır".

Qeyd edək ki, tədbirin keçirilməsinin əsas məqsədi uşaqlara erkən yaşlarında maliyyə bacaraqlarını, düzgün maliyyə davranışını aşılamaqla onların ictimaiyyətdə rollarının yüksədilməsidir. Bundan başqa konfransda xüsusi olaraq vurğulanıb ki, son zamanlar bütün dünyada əhalinin maliyyə savadlığının aşağı səviyyədə olması ilə bağlı narahatlıq artır. Layihənin təşkilatçıları qeyd edib ki, davam etməkdə olan maliyyə böhranı şəraitində əhalinin maliyyə savadlığı artırılmalıdır.

Vüqar Əliyev