Avropanın yeni sahibləri-TƏHLİL

12 İyun 2012 14:43 (UTC+04:00)

İngiltərənin keçmiş xarici işlər naziri Lord David Oven yeni bir Avropa Birliyinin qurulmasını təklif edib.

Türkiyə və İngiltərə baş rolda

İngiltərənin keçmiş xarici işlər naziri David Oven yenicə işıq üzü görən "Europe Restructured" (Yenidən qurulan Avropa) adlı kitabı ilə bütün qitədə müzakirə mövzusuna çevrilib.

Avropa ölkələrini əhatə edəcək "Avropa ortaq bazarı" qurulması ideyasını irəli sürən Oven radikal bir təklif edərək bu yeni formalaşmada Türkiyə və İngiltərənin baş rolu oynaya biləcəyini söyləyib.

"İslandiyadan Türkiyəyə uzanacaq və Avrozonanı da əhatə edəcək genişmiqyaslı bir ortaq bazarın yaradılması bölgə üçün yeni bir iqtisadi muxtariyyət ola bilər" deyə Oven yazıb. Bir çox mütəxəssis və yazar David Ovenin kitabında və nüfuzlu qəzetlərdə yer alan bu fikirlərin müzakirə edilməsinin vacib olduğunu vurğulayıb.

Avropa Birliyi üçün utancvericidir

David Ovenə görə, yeni Avropa modelində Türkiyə çox əhəmiyyətli bir yerə sahibdir. Türkiyənin son dövrdə, xüsusilə iqtisadi sahədəki inkişafından tərif hissi ilə bəhs edən keçmiş ingilis nazir, "Türkiyənin indiyə qədər üzv edilməməsi Avropa Birliyi üçün utancvericidir" ifadələrinə yer verib.

Oven İngiltərə kimi Türkiyənin də Almaniyanın öndərliyindəki bir Avropa Birliyinin tərkibinə girməyə ehtiyacı olmadığını və bunu "qəbul etməyəcəyini" düşünür. Oven Türkiyənin pul vahidi və bankçılıq kimi sahələrdə problemlərini həll etdiyini xatırladaraq, "Xarici siyasət və təhlükəsizlik mövzularında da bölgədə təsirli bir gücə çevrilən Türkiyə bunun Avropa Birliyi tərəfindən idarə altına alınmasını istəməyəcək" şərhini verib.

Məsələni xalq həll edəcək

İqtisadi və sənaye inkişafı baxımından Türkiyəni "əsas Avropa ölkələrindən biri" olaraq xarakterizə edən Oven kitabı ilə bağlı "The Times" qəzetinə müsahibəsi zamanı bunları söyləyib: "Avropa Birliyi Almaniyanın idarəsində "tək bir ölkə birliyinə" doğru sürətlə gedir. Ən qısa vaxtda ingilis seçiciyə iki sual verilməlidir: Avropa Birliyində qalmaq, yoxsa ayrılmaqmı yaxşıdır? Avrozonaya qatılmaqmı, yoxsa indiki kimi xaricində qalmaqmı yaxşıdır? Avropa Birliyi üzvlüyünün gələcəyi ilə bağlı ölkədəki mərkəz partiyaları da öz daxillərində böyük fikir ayrılıqları yaşayır. Birliyə üzvlüyü keçmişdən bu yana tənqid edən mühafizəkarlar içində belə bu mövzuda vahid bir fikir mövcud deyil. Bu səbəbdən ən ağıllı variant məsələni referendum yolu ilə həll etmək, yəni xalqdan soruşmaq lazımdır. Sözü gedən referendum yalnız İngiltərədə deyil, bütün Avropa Birliyi üzv ölkələrində keçirilməlidir. Avropa Birliyi üzvlüyü tərəddüdü bir an həll edilməlidir".

Avropa uçurumun kənarındadır

Almaniya keçmiş xarici işlər naziri Joschka Fişer Almaniya başda olmaqla, Avropa ölkələrinin iqtisadi böhranı həll etmək yerinə daha da qızışdırdığını deyib.

Fischer "Süddeutsche Zeitung" qəzetinə yazdığı bir məqalədə, Almaniyanın böyük bir qlobal iqtisadi böhranı önləyə bilmək üçün Avropa siyasətini dəyişdirməsinin vacib olduğunu ifadə edərək, "Avropa alov içində yanır, Almaniyanın nəzarətindən çıxan Avropa isə yanğına su ilə deyil, qaz yağı ilə gedir. Yanğın Merkelin israrla və zorla davam etdirdiyi qənaət siyasəti ilə daha da güclənir", deyə yazıb.

Fişer Avropanın artıq uçurumun kənarında dayandığını və Almaniya ilə Fransanın maliyyə birliyi təmin və avro ölkələrinin siyasi birliyini gücləndirmək üçün bir siyasət dəyişikliyi etməyəcəyi təqdirdə Avropanın uçuruma düşəcəyini yazıb. O, həmçinin avronun zərər görməsi durumunda AB-nin və ortaq bazarının da dağılacağını, bunun da yeni nəsillərin bu günə qədər görmədiyi bir qlobal böhrana səbəb olacağını qeyd edib.

Almaniyanın nadir hallarda indiki kimi baş verənlərə təsirsiz qaldığını deyən Fişer, ölkəsinin keçmişdə 2 dəfə dünya müharibəsi ilə Avropanın nizamını pozduğunu, bu dəfə də sülh və yaxşı niyyətlərlə olmasına baxmayaraq poza biləcəyini qeyd edib.