Spiker: \"Zahid Oruc, hamı sənin kimi bəxtəvər deyil\"

12 İyun 2012 12:39 (UTC+04:00)

Bu gün Milli Məclisdə "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Müzakirələr zamanı çıxış edən deputatlardan biri də Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc olub.

Z.Oruc çıxışı zamanı dəyişikliklərə münasibət bildirərək deyib ki, qanuna təklif olunan dəyişikliklərə əsasən pasportların 18 yaşa kimi 3 dəfə verilməsi nəzərdə tutulub, amma onun fikrincə, bu iki dəfə olsa, daha yaxşı olar. "Çünki uşaqlar sifətlərini o qədər dəyişmirlər və oxşar olurlar"-, deyə o əlavə edib. Spiker Oqtay Əsədov isə onun sözünü kəsərək deyib: "Zahid Oruc pasportlarla bağlı təklifində deyir ki, hamı uşaqlığına oxşayır, uşaqlar bir-birinə oxşayır. Amma Zahid Oruc, hamı sənin kimi bəxtəvər deyil ki, daim eyni sifətdə qalsın".