Nicat Kazımov 40 illik yubileyində mükafatlandırılıb- FOTO

12 İyun 2012 09:30 (UTC+04:00)

Gənc Tamaşaçılar Teatrında yeni benefis – tamaşanın nümayişi gerçəkləşib. SİA-nın məlumatına görə, görkəmli rumın dramaturqu Mate Vişnekin "Qoca kloun tələb olunur" əsəri əsasında hazırlanan "Qoca kloun" tamaşası teatrın istedadlı rejissoru və aktyoru Nicat Kazımovun 40 illik yubileyi və səhnə fəaliyyətinin 21 illiyinə həsr olunub.

Tamaşadan əvvəl çıxış edən teatrın direktoru, əməkdar Artist Mübariz Həmidov Gənc Tamaşaçılar Teatrında hazırladığı maraqlı tamaşaları və canlandırdığı obrazlar qalereyası ilə seçilən yubilyarı doğum günü münasibətilə təbrik edib: "Teatrlarda doğum günləri bir qədər fərqli şəkildə həyata keçirilir. Bu doğum günündə də həmin fərqlilik qorunub. Belə ki, uzun-uzadı çıxışlar və təbriklər əvəzinə siz - tamaşaçılara Nicat Kazımov və onun aktyor yoldaşlarının hazırladıqları və Azərbaycan teatrında ilk dəfə müraciət edilən müəlliflərdən olan görkəmli Rumın dramaturqu Mate Vişnekin "Qoca kloun tələb olunur" pyesinin səhnə həlli təqdim olnacaq".

Tamaşanın müəllifi Nicat Kazımovdur. Yubilyar eyni zamanda əsas obrazlardan birini ifa edəcəkdir. Onunla bərabər digər rollarda aktyorlar Vüsal Mehrəliyev, Manaf Dadaşov, İlham Əsədov və Elnur Kərimov iştirak edirlər.

Iki hissəli tragikomediya janrında olan tamaşa 30 illik ayrılıqdan sonra rastlaşan 3 "dost" klounun yaşam tərzi, onların faciəli talelərini əks etdirir.

Tamaşadan sonra M. Həmidov yubilayarı Azərbaycan Milli teatr sənəti sahəsindəki uzun illik səmərəli fəaliyyəti və anadan olmasının 40 illiyi münasibətilə fəxri diplomla mükafatlandırıb.