Hacıbaba Bağırov yad ediləcək

11 İyun 2012 11:20 (UTC+04:00)

İyun ayının 12-də tanınmış aktyor, görkəmli gülüş ustası, səhnə həyatı Musiqili Komediya Teatrı ilə sıx bağlı olan mərhum Hacıbaba Bağırovun 80 yaşı tamam olur. Həmin gün aktyorun xatirəsinə hörmət və sevgi əlaməti olaraq teatrın kollektivi Fəxri xiyabanda sənətkarın məzarını ziyarət edəcək.

İyunun 18-də isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında unudulmaz sənətkarın 80 illik yubileyinə həsr olunan "www.ferzeli-kef.com" (E.Sabitoğlu, C.Məmmədov) tamaşası nümayiş olunacaq. Bu barədə SİA-ya teatrdan məlumat verilib. Bu yeni tamaşada xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, tanınmış aktyorlar Novruz Qartal, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Gülnarə Əzizova, Nigar Qarayeva və başqaları çıxış edəcəklər. Xatırladaq ki, xalq artisti Hacıbaba Bağırov vaxtı ilə bu tamaşada Fərzəli obrazını ifa edib.

Tamaşadan öncə əməkdar mədəniyyət işçisi Telli Pənahqızı aktyorun həyat və yaradıcılığı barədə çıxış edəcək.