Səlahət Ağayev: “Sumqayıt böyük futbol ənənələri olan şəhərdir” - MÜNASİBƏT

9 İyun 2012 15:28 (UTC+04:00)
"Sumqayıt" Futbol Klubu futbolçu transferini davam etdirir. Siasport.az saytının məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin əsas qapıçısı Səlahət Ağayev 2012/2013 mövsümünü icarə əsasında "Sumqayıt"da keçirəcək.

Məlumat üçün bildirək ki, bundan öncə "İnter" klubunda çıxış etmiş 21 yaşlı qapıçı "Sumqayıt"da 1 nömrəli formanı geyinəcək.

Futbolçu transfer olunmasına münasibət bildirib: "Ötən mövsümün sonunda "İnter"in rəhbərliyi ilə danışığım olmuşdu. Hazırda 21 yaşındayam və daimi oynaya biləcəyim bir kluba keçmək istəyirdim. Paytaxt klubunun rəhbərliyinə minnətdaram ki, məni başqa komandaya buraxmağa razılıq verdi. Sumqayıt böyük futbol ənənələri olan şəhərdir. "Sumqayıt" Futbol Klubunun rəhbərliyindən təklif alan kimi danışıqlara başladım. Gənclərdən qurulmuş bir komandada çıxış etmək mənim üçün çox xoş olacaq. İnşallah ümidləri doğruldub bu klubu yüksək pillələrə daşıyarıq. "Sumqayıt" növbəti mövsüm daha yüksək yerlər uğrunda mübarizə aparacaq".