XİN başçılarının Trabzon görüşü baş tutub

8 İyun 2012 19:08 (UTC+04:00)

Bu gün Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin Trabzonda üçtərəfli görüşü keçirilib. SİA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə əsasən regional əməkdaşlığa əhəmiyyət verildiyi bildirir. E.Məmmədyarov çıxışı zamanı üç ölkə arasında enerji və infrastruktur layihələrinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.


Nazir Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarında oynadığı rolun əhəmiyyətindən irəli gələrək, tranzit baxımından ölkəmizin əhəmiyyətini nəzərə alaraq, regional əməkdaşlığa töhfəsini qeyd edib.


Ermənistan-Azərbaycan münaqişəsindən danışan E. Məmmədyarov münaqişənin yalnız beynəlxalq hüquq və onun prinsipləri əsasında həllinin vacibliyini bildirib. Münaqişənin həllindən yalnız xalqların bəhrələnəcəyini qeyd edən nazir işğalçı siyasətin regionda əməkdaşlığı sarsıtdığını vurğulayıb, işğalçı və etnik təmizləmə həyata keçirmiş və beynəlxalq hüquq normalarını pozan ölkə ilə əməkdaşlıq edilməyəcəyini söyləyib.


E.Məmmədyarov bir sıra sahələrdə, o cümlədən humanitar və turizm sahələrində əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edib. Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın regionda sülhə, sabitliyə və əmin-amanlığa xidmət etdiyini bildirən nazir mehriban qonşuluq siyasətinin Azərbaycanın hədəfi olduğunu vurğulayıb.