Millət vəkili Aytən Mustafayeva: \"Diplomatik yol hələ ki, effekt vermir\" - AÇIQLAMA

8 İyun 2012 18:15 (UTC+04:00)

Son günlər cəbhə xəttində baş verən hadisələr və gərgin vəziyyət bir daha göstərir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlində yenə də destruktiv mövqe sərgiləyir və danışıqları pozmağa cəhd göstərir. Bunu SİA-ya açıqlamasında millət vəkili Aytən Mustafayeva deyib.

Onun sözlərinə görə, təcavüzkar Ermənistanın yürütdüyü siyasət nəticəsində zəbt olunan torpaqlar artıq 20 ildir ki, işğalçı ordu tərəfindən tutulub: "Beynəlxalq təşkilatlar tərəfindən 20 il ərzində müxtəlif qərar və qətnamələr qəbul olunmasına, siyasətçilər tərəfindən bəyanatlar verilməsinə baxmayaraq, münaqişənin diplomatik yolla həlli hələ ki, istədiyimiz nəticəni vermir. Ümid edirik ki, Çikaqo sammitindən sonra NATO-nun münaqişə tərəfləri ilə bağlı dəqiq münasibət bildirməsi Errmənistanı bu məsələnin danışıqlar yolu ilə həllinə məcbur edəcək".