Əli Hüseynli: “Yeni hərbi əməliyyatlara yol vermək olmaz”-AÇIQLAMA

8 İyun 2012 13:56 (UTC+04:00)

"Atəşkəs rejimi Ermənistan tərəfindən pozulub və Azərbaycan Milli Ordusu da buna cavab verib. Təəssüf ki, Azərbaycan tərəfinin itkiləri var, biz onların ailələrinə başsağlığı veririk. Bütün bu olanlar onun göstəricisidir ki, Ermənistan tərəfi işğalçı ölkə olmasına baxmayaraq nə atəşkəsə ciddi əməl edir, nə də beynəlxalq təşkilatlarda qəbul olunmuş qərarlara hörmətlə yanaşır". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.O bildirib ki, bu hallar son zamanlar münaqişənin nizamlanması istiqamətində aparılan sülh danışıqlarına ciddi zərbə vurur. Onun sözlərinə görə, Azərbaycan tərəfi hər zaman sülh danışıqlarına sadiqliyini nümayiş etdirir.

"Bunu bir neçə misallarla göstərə bilərik. Məhz Azərbaycan tərəfinin dəstəyi ilə bir neçə dəfə iki ölkənin ictimaiyyət nümayəndələri arasında görüşlər keçirilib. Azərbaycan tərəfi- millət vəkilləri, rəsmi şəxslər çəkinmədən İrəvanda keçirilən beynəlxalq tədbirlərə qatılıblar. Biz "Eurovision" müsabiqəsi çərçivəsində ermənilərin təhlükəsizliyinin qorunmasına zəmanət verərək onların ölkəmizdəki iştirakına şərait yaratmışdıq. Amma Ermənistan buna baxmayaraq "Eurovision" müsabiqəsinə qatılmadı. Bakıda keçirilən Avronest Parlament Assambleyasının sessiyasında iştirak edən erməni millət vəkilləri də gördülər ki, Azərbaycan xalqı necə dözümlü və tolerant bir xalqdır", - deyə o əlavə edib.

Ə.Hüseynli qeyd edib ki, Azərbaycan tərəfindən sülh üçün bütün addımlar atılır. Onun sözlərinə görə, Azərbaycan qəbul olunmuş qərarlara və verilmiş bəyanatlara, xüsusilə də prezidentlərin Soçi görüşündəki Bəyannaməyə sadiqliyi nümayiş etdirir: \"Ona görə heç cür mümkün deyil ki, biz atəşkəsi pozaq. Azərbaycan əsgəri yalnız o zaman silaha əl atır ki, ona qarşı hücum olur. Hətta baxmayaraq ki, bizim torpaqlarımız işğal olunub, işğal altındakı Azərbaycan torpaqlarından bizə atəş açılır. Bu yaxşı hal deyil və ictimai fikirdə əldə olunan nailiyyətlərə zərbə ola bilər. Yenə də biz atəşkəsə əməl edirik. Həlak olmuş insanların yaxınları, əzizləri var, əsgərlərimizin həlak olmasını bütün Azərbaycan ictimaiyyəti ağrı hissi ilə qəbul edir. Hər dəfə belə hadisədən sonra sülhdən danışmaq xüsusilə Azərbaycan tərəfi üçün çox çətindir. Lakin görürük ki, Ermənistan işğalçı siyasətindən əl çəkmək istəmir".

Komitə sədri bu hadisələrin ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri çərçivəsində olduğunu və ya burada üçüncü dövlətin iştirakının nə dərəcədə həqiqət olduğuna gəlincə buna birmənalı şəkildə cavab verməyin mümkünsüz olduğunu qeyd edib.

\"Son günlərdə cəbhədə baş verən hadisələrin yeni hərbi əməliyyatlara qığılcım ola bilərmi?\" sualını cavablandıran komitə sədri belə düşünmədiyini vurğulayıb. Onun fikrincə, yeni hərbi əməliyyatlara yol vermək olmaz: "Biz atəşkəs rejiminə necə həmişə sadiq qalmışıqsa, və sülh danışıqları aparırıqsa, o istiqamətdə siyasətimizi davam etdirəcəyik. Amma qarşı tərəfin hücumlarına, təxribatçı addımlarına təbii ki, layiqli cavab vermək lazımdır".