Səfir: “Azərbaycanın ərazi bütövlüyü və suverenliyi hər zaman tanınır”

8 İyun 2012 12:29 (UTC+04:00)

NATO hər zaman Azərbaycan, Gürcüstan, Ermənistan və Moldovanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. SİA-nın xəbərinə görə, NATO-nun Azərbaycandakı əlaqələndiricisi və Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu deyib ki, beynəlxalq təşkilat bu regionda olan münaqişələrin Helsinki Yekun Aktı çərçivəsində həllini dəstəkləyir.

Səfir NATO-Azərbaycan əməkdaşlığının önəmini xüsusi vurğulayaraq bunun daha da genişlənməsini və möhkəmləndirilməsini arzu edib: "NATO Çikaqo sammitindəki yekun bəyannaməsində də açıq şəkildə ərazi bütövlüyü prinsiplərini vurğulayıb. Bundan əlavə, alyansın genişlənməsi və tərəfdaşlıq siyasətinin dəstəklənməsi qeyd edilib\".

K.Çiobanu Azərbaycan prezidenti İlham Əliyevin sammitdə iştirakı və yerli mətbuatda bu tədbirin işıqlandırılmasına da toxunub. O bildirib ki, bu, Azərbaycan ictimaiyyətinin NATO ilə münasibətlərə marağının göstəricisidir. Səfir Azərbaycanın Əfqanıstanda keçirilən sülhməramlı əməliyyatlardakı iştirakını da müsbət qiymətləndirib.