NATO rəsmisi: “Alyans sülh prosesini dəstəkləyir”

8 İyun 2012 10:53 (UTC+04:00)

"Azərbaycan-NATO münasibətləri möhkəmdir və ümidvaram ki, bu münasibətlər gələcəkdə daha da möhkəmlənəcək". SİA-nın xəbərinə görə, bu açıqlamanı jurnalistlərə NATO-nun Cənubi Qafqaz üzrə zabit-koordinatoru Uilyam Lau (William Lahue) verib.


Azərbaycanın Əfqanıstanda sülhyaratma əməliyyatına verdiyi töhfəni yüksək qiymətləndirən NATO təmsilçisi bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü və NATO ilə tərəfdaşlıq bir-biri ilə ziddiyyət təşkil etmir: "Bu tərəfdaşlığın nə qədər dərinləşəcəyini sizin ölkə müəyyənləşdirir və bu Azərbaycan hökumətindən asılıdır".

Həmçinin NATO-nun Çikaqo sammitinin yekun bəyannaməsini şərh edən Uilyam Lau bildirib ki, alyans üzvləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dəstək verdiklərini ifadə ediblər: "NATO danışıqlar prosesinə cəlb olunmayıb, bu NATO-nun rolu deyil. Lakin alyans sülh prosesini dəstəkləyir və münaqişənin nizamlanmasına siyasi dəstəyini ifadə edib".