Azərbaycan nümayəndə heyəti BƏT-in 101-ci sessiyasında iştirak edib

7 İyun 2012 20:42 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının (BƏT) 101-ci sessiyasında iştirak etmək üçün Cenevrədə səfərdə olub. Nazirlikdən SİA-ya verilən xəbərə görə, gənclərin məşğulluğunun artırılması, hər bir şəxsin minimum sosial müdafiə tədbirləri ilə əhatə olunması və iş yerlərində əmək hüquqlarının qorunması mövzularına həsr olunmuş sessiyada BƏT-in Baş direktorunun qlobal səviyyədə tədricən mürəkkəbləşən iqtisadi vəziyyətdə səmərəsiz iqtisadi tendensiyanın dayandırılması, gənclərin məşğulluğunun təmin olunması, həssas əhali qrupu üçün minimal sosial müdafiə tədbirlərinin həyata keçirilməsi zərurətini əks etdirən hesabatı dinlənilib. Sessiyada hesabatdan irəli gələn məsələlər-ölkələrdə düşünülmüş makroiqtisadi siyasət, investisiya siyasəti və layiqli iş yerlərinin açılması üçün həyat qabiliyyətli müəsissələrin yaradılması, ədalətli və inkluziv, eyni zamanda beynəlxalq əmək normalarına uyğun əmək bazarının təşkili, maliyyə sisteminin real iqtisadiyyata yönəldilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Sessiyada məruzə ilə çıxış edən nazir Fizuli Ələkbərov iqtisadi idarəetmə sisteminin ilk növbədə insan firavanlığına yönəldilməsinin müasir dünya üçün olduqca aktual olduğunu vurğulayaraq, iqtisadi tənəzzülün nəticələrinin bəzi dünya ölkələrinin iqtisadi artımına, sosial inkişafına, siyasi quruluşuna ciddi təsir göstərdiyi bir vaxtda Azərbaycanda ədalətli iqtisadi-sosial modelin uğurlu icra mərhələsinin yaşandığını vurğulayıb.

Düzgün hazırlanmış makroiqtisadi siyasət nəticəsində respublikamızda sosial-iqtisadi tərəqqi dinamikasının davamlı xarakter aldığını, ölkənin real iqtisadiyyata yönələn investisiya siyasətinə, bunu stimulllaşdıran şəffaf və əlverişli biznes mühitinə malik olduğunu konkret göstəricilər əsasında sessiya iştirakçılarının diqqətinə çatdıran nazir eyni zamanda sosial ədalətin mühüm meyarları kimi – gənclərin məşğulluğunun təminatı, əhalinin dayanıqlı sosial təminat sisteminin qurulması, yeni və layiqli iş yerlərinin yaradılması istiqamətində ölkəmizdə görülən işlər və əldə olunan müsbət nəticələr barədə məlumat verib.

Gənclərin inkişafının, onların sosial müdafiəsinin gücləndirilməsinin ölkəmizin davamlı inkişaf modelinin mühüm tərkib hissəsi olduğu qeyd edilərək, bildirilib ki, Azərbaycanda ölkə rəhbərinin müvafiq Fərmanı ilə 2012-ci ilin əvvəlində yaradılan Gənclər Fondunun əsas əsas hədəflərdən biri də məhz gənclərin səmərəli məşgulluğunun təmin olunmasıdır. Eyni zamanda həssas əhali qrupunun yoxsulluqdan qorunması və davamlı sosial təminatla əhatələnməsi üçün ölkəmizdə Sosial Dəstək Fondunun yaradılması ilə bağlı işlər aparılır. Bu sahələrdə mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BƏT-lə Layiqli Əmək üzrə Ölkə Proqramının prioritet sahələri üzrə fəal əməkdaşlıq həyata keçirilir və ölkəmiz üzərimizə götürdüyü öhdəlikləri layiqli şəkildə yerinə yetirir. Bununla yanaşı, ölkəmizdə milli iqtisadiyyatın və əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların yetişdirilməsi, beynəlxalq tələblərə uyğun peşə standartlarının hazırlanması sahəsində görülən işlər barədə məlumat verilib.

Səfər çərçivəsində nazir Fizuli Ələkbərovla BƏT-in yeni seçilmiş Baş direktoru Qay Rayder arasında görüş keçirilib. Görüşdə nazir Fizuli Ələkbərov respublikamızda davamlı sosial-iqtisadi inkişafın təmin olunmasına yönələn uğurlu islahatlar, gənclərin sosial müdafiəsi və səmərəli məşğulluğuna xidmət edən ardıcıl və məqsədyönlü tədbirlər, idmanın inkişafı istiqamətində aparılan işlər barədə məlumat verib və Qay Rayderi ölkəmizə səfərə dəvət edib. Respublikamızda gedən inkişaf proseslərinin onda böyük maraq hissi yaratdığını qeyd edən Qay Rayder Azərbaycanın inkişaf modelinin müsbət bir təcrübə olaraq bir çox ölkələrə ötürülə biləcəyini vurğulayıb.