Qaradağ RİH və YAP-ın rayon təşkilatı şəhid ailəsinə baş çəkib

7 İyun 2012 17:36 (UTC+04:00)

Şəhid – vətən və din yolunda canından keçənlərdır. Allah Quranda belə buyurur: "Din və vətən yolunda ölənlərə "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz. Məhz cəbhə xəttinin Qazax istiqamətində gedən döyüşlərdə şəhid olan Milli Ordumuzun manqa komandiri 24 yaşlı Əliyev Amil Novruz oğlu da şəhidlik zirvəsinə ucaldı. O, erməni hərbiçilərinin cəbhə xəttinin Qazax rayonu istiqamətində ordumuzun Aşağı Əskipara kəndi yaxınlığındakı mövqelərinə hücumunun dəf edilməsi zamanı şəhid oldu. Şəhidlər isə unudulmur. Məhz bunu özünün müqəddəs borcu hesab edən Qaradağ Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı şəhid ailəsinə bütün lazımı yardımları edir. Şəhidin atası Novruz Əliyev deyir ki, şəhidin cənazəsi onlara təhvil verilən andan Qaradağ Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatı ailəyə maddi və mənəvi dəstəyini əsgirgəmir.

Amil Əliyev hadisədən bir gün əvvəl bacısının toy məclisində iştirak etməkdən ötrü xidmət etdiyi hərbi hissədən evə məzuniyyətə gəlib. Toydan sonra isə qohumlar müddətdən artıq hərbi qulluqçu olan Amili yenidən Qazaxa yola salıb. Şəhidin babası Həsən Qəniyev isə nəvəsinin Vətən yolunda ölməsi ilə fəxr etdiyini deyib.

Xatırladaq ki, şəhidin Azərbaycan bayrağına bükülü cənazəsi ötən gecə ailəsinin yaşadığı Qaradağ rayonu Lökbatan qəsəbəsinə gətirilib. Milli Ordunun əsgərini son mənzilə yola salmağa onun ailə üzvləri, yaxınları ilə yanaşı Amil Əliyevlə eyni hərbi hissədə xidmət edən cəbhə yoldaşları da qatılıb. Amilin cənazəsi gecə saatlarında Lökbatan qəsəbəsindəki şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, ötən gün Amil Əliyev, o cümlədən posta olan 19 yaşları olan daha 4 əsgər - Əzizov Xalid Mətləb oğlu, Bağırov Vahid İntiqam oğlu, Ataşlı Zülfüqar Vəli oğlu və İsmayılov Elçin Əlövsət oğlu qəhrəməncasına şəhid olublar.