Soyqırımı qurbanlarının xatirəsi daim yad edilir - FOTO

7 İyun 2012 15:06 (UTC+04:00)

Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi növbəti böyük layihəsi olaraq Azərbaycanda ilk dəfə "Azərbaycan Xalqının Soyqırım Qurbanları" muzeyini yaradıb. SİA-nın verdiyi məlumata görə, bu barədə İctimai Birliyin sədri Elşən Uluxanlı məlumat verərək "Soyqırımı qurbanları" mövzusunda fotolardan və rəsm işlərindən ibarət keçirilən səyar sərgi haqqında məlumat verərək qeyd edib ki, XIX-XX əsrlərdə erməni şovinistləri azərbaycanlılara qarşı çoxlu sayda, geniş miqyaslı soyqırım cinayətləri törədiblər. Belə aksiyalar sırasında XIX əsrin 70-90-cı illərində, XX əsrin 1905-1907, 1918-1920, 1930-1940, 1948-1953, 1960-1970, 1988-1993-cü illərində erməni terror təşkilatlarının azərbaycanlılara qarşı keçirdiyi qanlı aksiyaları göstərmək olar. Bunun nəticəsində iki əsr ərzində 4 milyondan artıq azərbaycanlı xəsarət alıb, yurd-yuvasından didərgin düşüb, həlak olublar. Lakin beynəlxalq aləmdə bu cinayətlər haqqında kifayət qədər məlumatların olmamasından, bunların beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməməsi, həmçinin tarixi ədalətin bərpası istiqamətində göstərilən səylərin əksəriyyətinin heç bir nəticə verməməsi göz qabağındadır.

Əksinə, erməni diasporasının beynəlxalq aləmdə apardığı yalan və iftiralarla dolu təbliğat bir sıra dövlətlərin qondarma erməni soyqırımını tanıması, çox hallarda isə bəzi dövlətlərin və tanınmış qeyri-hökümət təşkilatlarının ermənilərə müxtəlif təyinatlı yardım və dəstək göstərmələri ilə nəticələnir. Belə bir vəziyyətdə erməni şovinistlərinin və onların havadarlarının keçirdiyi siyasətdən əziyyət çəkən azərbaycanlıların hüquqları kobud şəkildə pozulur, onların haqq səsləri eşidilmir. Ermənilərin azərbaycanlılara qarşı dəfələrlə törətdiyi soyqırımların qurbanlarına həsr olunmuş muzeyin yaradılması bu problemin aradan qaldırılmasına, Azərbaycan xalqının tapdanmış hüquqlarının bərpası istiqamətində atılacaq mühüm addım olacaq.

İctimai Birliyin sədri bildirib ki, "Azərbaycan Xalqının Soyqırım Qurbanları" muzeyinin tədbirlər planına əsasən respublikamızın bütün rayon və şəhərlərində açıq havada səyyar sərginin keçirilməsini planlaşdırıb. Sərginin keçirilməsi ilə Rayon İcra Hakimiyyətlərinə göndərilən müraciətlərimizə əsasən Bakı şəhərinin Nizami rayonunda 10-11 noyabr 2011-ci il tarixdə, Binəqədi rayonunda 17-18 fevral, Səbail Rayon İcra Hakimiyyətinin tədbirinə əsasən 24 fevral "Hilton" oteldə, Nərimanov rayonunda 24-25 fevral, Səbail rayonunda 8 may 2012-ci il tarixlərində açıq havada səyyar sərgi keçirilib. Keçirilmiş tədbirlər rayon içtimaəti arasında böyük maraqla qarşılanıb.

Elşən Uluxanlı təssüf hissi ilə bildirib ki, Bakının bəzi rayonlarından bu günə kimi səyyar sərginin keçirilməsinə razılıq ala bilməmişik. Dəfələrlə bu barədə həmin rayonların icra hakimiyyətləri ilə əlaqə saxlasaq da müraciətimiz cavabsız qalıb. Görəsən, belə bir tədbirə nəyə görə laqeyd münasibət bəsləyirlər. nəinki rayon icra hakimiyyətləri hətta sərgiyə dəvət olunan ziyalılar, millət vəkilləri, xüsusən də AzTV-dən başqa digər aparıcı televiziya kanalları biganə yanaşaraq bu günə kimi keçirilən tədbirlərin heç birində iştirak etməyiblər. Bu isə gənclərimizdə ruh düşkünlüyü yaradır.

Ümüdvadıq ki, belə bir muzeyin yaradılması məqsədi ilə nəzərdə tutduğumuz yerlərdən birində Azərbaycan xalqının soyqırımına həsr olunmuş muzeyin olması böyük siyasi və rəmzi məna daşımış olacaqdır.

"Azərbaycan Xalqının Soyqırım Qurbanları" muzeyinin layihəsi ilə görüləcək işlər Azərbaycan Dövlətinin 2012-2015-ci ildə yeniyetmə və gənclər barəsində nəzərdə tutulmuş dövlət siyasətinə və böyüməkdə olan gənc nəsilin vətənpərvərlik ruhunda tərbiyyə olunmasına dəstək olacaqdır.