Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının II Qurultayı keçiriləcək
7 İyun 2012 11:50 (UTC+04:00)
İyunun 7-də İsrailin Tel-Əviv şəhərində "Azİz" -
Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının II Qurultayı keçiriləcək.
Qurultayda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim
İbrahimovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edəcək. Diasporla İş üzrə Dövlət
Komitəsindən SİA-ya verilən xəbərə görə, Azərbaycan nümayəndə heyətinə Milli Məclisin
deputatları Asim Mollazadə, Yevda Abramov və Fərəc Quliyev daxildir. Qurultaya İsrail baş nazirinin müavini, xarici
işlər naziri Aviqdor Liberman, absorbsiya naziri xanım Sofa Landver, turizm
naziri Stas Misejnikov, "Bizim Evimiz İsrail" Partiyasının baş katibi, xanım
Faina Kirşenbaum, Knessetin Təhsil, mədəniyyət və idman komissiyasının sədri
Aleks Miller, İsrailin Belarusdakı səfiri İosif Şaqal, Knessetin deputatları
Orit Zuareç, Nino Abesadze və başqaları dəvət olunublar.
Xatırladaq ki,
Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası 2007-ci ildə təsis olunub. Təsis
qurultayında o zaman Knessetin deputatı olan əslən bakılı İosif Şaqal
assosiasiyanın prezidenti seçilib. 2012-ci ilin yanvar ayında İ. Şaqal İsrailin
Belarusdakı səfiri səlahiyyətlərinin icrasına başlaması ilə əlaqədar qurumun
prezidenti vəzifəsini tərk edib.