Regionlarda hüquqi maarifləndirmə tədbirləri davam etdirilir

6 İyun 2012 20:34 (UTC+04:00)

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın fəaliyyətinin əsas istiqamətlərindən biri olan hüquqi maarifləndirmə İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) müddəalarına uyğun şəkildə davam etdirilməkdədir. SİA-nın xəbərinə görə, uşaq hüquqlarının effektiv müdafiəsini və təbliğini nəzərdə tutan növbəti tədbir Qubada Daxili İşlər Nazirliyinin uşaq polis inspektorlarının, Təhsil Nazirliyinin, rayon icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarının, habelə YUNİSEF-in nümayəndələrinin və Uşaq hüquqları üzrə Azərbaycan QHT Alyansı üzvlərinin iştirakı ilə keçirilib.

Tədbirdə uşaq hüquqları sahəsində həyata keçirilən və ehtiyac duyulan islahatlar ətrafında müzakirələr aparılıb, Ombudsman Aparatının ekspert qismində çıxış edən sektor müdiri Rəşid Rumzadə Müvəkkilin bu istiqamətdə fəaliyyəti barədə ətraflı danışıb. O, çətin tərbiyə olunan və qanunla ziddiyyətdə olan uşaqlarla işin düzgün təşkili, reabilitasiya xidmətləri, adı çəkilən komissiyalar və polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlarla bağlı profilaktik işin aparılmasında yeniliklərin tətbiqi barədə məlumat verib.

Tədbirin sonunda uşaqlarla işləyən müxtəlif dövlət qurumlarının, hüquq mühafizə orqanlarının əməkdaşları Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi olan Quba xüsusi peşə məktəbində olub, burada saxlanılan şəxslərlə görüşlər keçirib, onların saxlanma şəraiti və rəftarla maraqlanıb, müşahidələr aparıblar. Hazırda çətin tərbiyə olunan və qanunla ziddiyyətdə olan uşaqların reabilitasiyası və saxlanılma şəraitinin təkmilləşdirilməsi, onların müəssisəyə qəbulu və yerdəyişmələri və s. məsələlərin hüquqi baxımdan tənzimlənməsi məqsədilə bu müəssisənin Nizamnaməsinin yenilənməsinə böyük ehtiyac vardır.