Bu gün Azadlıq hərəkatçıları İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Ağdam rayon İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə dünyanın ən qədim xalçası, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda toxunmuş "Pazırıq" Türk xalçasının 2500 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə \"Səs\" internet televiziyasının əməkdaşı Vüsalə Mehdiyevanın müəllifi olduğu "Pazırıq" xalçası haqqında SƏS TV tərəfindən çəkilmiş film də nümayiş olunub.
Qeyd edək
ki, keçən əsrin ortalarında Altaydakı Pazırıq kurqanında tapılan xalı 24-25 əsrlik
yaşına görə dünyanın ən qədim xalısı sayılır. Belə ki, xalça keçən əsrin
ortalarında rus arxeoloqlarının Altayda apardığı qazıntılar zamanı tapılıb.
Yerli türk sakinlərin Pazırıq (Basırıq) dediyi bu ərazidən tapılan xalça
Sankt-Peterburqun Ermitaj muzeyindədir. Pazırıq kurqanlarından aşkar edilmiş
toxuculuq məmulatları arasında unikallığı ilə seçilən bu xalı 4,5x6,5 metr
ölçülü qırmızı rəngli keçə üzərində incə yun ipindən toxunub. Pazırıq xalısının
toxunma üslubu (türk-gördes düyümü) saqa, hun, türkmən, Azərbaycan, türk toxuma
sənəti əsərləri ilə eyni mənşəlidir.
Kurqanlardan aşkara çıxarılan başqa bir Pazırıq xalısı da divardan asmaq üçün rəngli
keçədən aplike üsulu ilə hazırlanmış sənət əsəridir. Burada taxtda oturub əlində
həyat ağacı tutan qutsal qadın və qarşısında gözəl geyimli bir atlı təsvir
edilib. Bu qədim xalının kurqanın altında salamat qalmasının səbəbi vaxtilə
yuxarıda açılmış bir oyuqdan məzarın dibinə sızan suyun buz bağlaması və
xalının buzun içində qalması olub.
Tədbirdə
çıxış edən Azadlıq Hərəkatçıları Birliyinin (AHB) sədri Təhmasib Novruzov
1960-cı illərdən şüşə arxasında saxlanılan bu xalının toxunma üsulu haqqında da
müxtəlif fikirlərin olduğunu vurğulayıb. "Bəziləri onun ilmikli, bəziləri də
buklə (dolama, sarma, lülə) üsulu ilə toxunduğunu qeyd edir. Digər ölkələrdə
yaşayan bir neçə alim bir-birindən xəbərsiz olaraq, Pazırıqda ortaya çıxan
xalının Türkmənistan, Azərbaycan və Anadoluda geniş yayılmış oğuz xalıları ilə
eyni tipdə olması haqqında eyni qənaətə gəlib. Bu xalı ilə türkmən xalıları
arasındakı tipoloji yaxınlıqla bərabər, istifadə olunmuş toxuma üsulları, eyni
naxışlar, eyni boya çalarları var".
Ermitaj muzeyində saxlanan bu xalı haqqında bir çox mütəxəssisin araşdırmaları olsa da, onun harada və hansı xalqa mənsub xalçaçılar tərəfindən toxunması üzərində aparılan mübahisənin hələ də davam etdiyini deyən türkoloq Firudin Ağasıoğlu ermənilərin Azərbaycanın bu tarixi xalçası istiqamətində apardığı təbliğatdan da danışıb: "Mənfur qonşularımız olan ermənilər tərəfindən əsrlər boyudur qədim torpaqlarımızla bərabər adət-ənənələrimiz, mədəni abidələrimiz, musiqimiz, tarixi şəxsiyyətlərimiz də işğal olunur. Bu gün \"Pazırıq\" filminin təqdimatı da bizə bu xalçanın Azərbaycanın mədəni abidəsi olduğunu göstərir. Altayda bir türk xaqanının yas törəni üçün sifarişlə Qarabağda toxunmuş bu xalının elmi tədqiqi Qarabağın qədim tarixinə aydınlıq gətirməsi baxımından da böyük önəm daşıyır"
Daha sonra çıxış edən \"Yeni Azərbaycan\" qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə Azərbaycanın tarixi və mədəniyyəti ilə əlaqədar keçirilən bu tipli tədbirlərin təqdirəlayiq olduğunu və Ümumilli lider Heydər Əliyevin Azərbaycan tarixinin yenidən yazılması haqda fikirlərini ifadə etdi: "Hələ 1996-cı ildə Ulu Öndər Heydər Əliyev tarixçilərlə görüşü zamanı Azərbaycan tarixinin yenidən yazılmalı olduğunu demişdi. Buna ehtiyac ondan yaranmışdı ki, Azərbaycan tarixi akademik yollarla 200-300 il bundan öncə öyrənilməyə başlanıb. Çox təəssüf ki, elə həmin müddətdə Azərbaycan əsarətdə olub. Həmin vaxtlar ölkəmizin tarixi obyektiv öyrənilməyib. Son illərdə dövlət dəstəyi ilə akademik səviyyədə Azərbaycan tarixi öyrənilir\".
Daha sonra isə Pazırıq xalçası üzərində olan ornamentlərin düzgün təsvir olunmadığını vurğulayan Hikmət Babaoğlu mənbənin də düzgün seçilmədiyini dedi: "Pazırıq xalçasının toxunması və üzərindəki təsvirlərin izah olunması və xalçanın istifadə olunması haqda ideyada yalnışlığa yol verilib. Mənbə kimi Şurmana istinad olunub. Şurman isə bu xalçanı erməni xalçası hesab edir. O, deyir ki, bu Altayda türk xaqanına göndərilmiş yas xalçasıdır. Amma nə xalçada olan simvollar, nə də onun rəngi bu fikri təsdiq etmir. Biz müstəqil olmağımıza və tariximizi araşdırma imkanlarımızın olmağına baxmayaraq, yenə Şurmanın fikirlərinə söykənərək bu xalçanı oxumağa çalışırıq. Mən isə, bu xalçanın üzərindəki təsvirləri türklərin dünyaya hökmranlığı kimi hesab edirəm. Çünki burada Oğuz Türklərinin 24 boyunu təsvir edən fiqurlar yer alıb. Bundan əlavə, həmin 24 fiqurun içərisində göstərilən 8 guşəli ulduza bənzər ox təsviri isə, 4 qütb və 4 yarımqütblərdə türklərin hökmranlığını göstərir".
Bundan başqa tarixçilər arasında Pazırıq xalçasının təsviri üzərində müzakirələr aparılıb.