Hafiz Hacıyev: “Bu iki şarlatana inanmayın” - MÜSAHİBƏ - (SəsTV)

6 İyun 2012 16:34 (UTC+04:00)

\"Onların ətrafında olan insanlara səslənirəm: "Yazıqsınız, aldanmayın...\"

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Səs TV-yə müsahibəsi


- Hafiz müəllim, müxalifətin inteqrasiyasına ən çox maneəni İsa Qəmbər və Əli Kərimovun törətdiyini bəyan etmisiniz. Hətta, keçirdiyiniz mətbuat konfransı ərəfəsi bununla bağlı faktlar açıqlayacağınızı desəniz də, bu baş vermədi. Bunun səbəbi nə idi?

- Son parlament seçkilərində Azərbaycanın sağlam qüvvələrinə müraciət etdim və bildirdim ki, gəlin, Azərbaycanın milli maraqları naminə keçmişdə olan umu-küsüləri bir tərəfə qoyaq, hamımız bir arada olaq və birgə mübarizə aparaq. Mənim bu çağırışımı o düşərgədəki bəziləri üzr istəmək kimi qiymətləndirdilər, bəziləri dedilər ki, Hafiz Hacıyev düşərgəni dəyişir. Dəfələrlə bu söhbətlərin şahidi oldum və bildirdim ki, mən düşərgəmi dəyişməmişəm, mənim düşərgəm Azərbaycandır. Mən bildirdim ki, Dağlıq Qarabağ kimi problemi olan xalqın, millətin müxalifəti də, iqtidarı da milli maraqlar olan yerdə ayrı seçkiliyə yol verməsin. Çox təəssüflər olsun ki, Azərbaycanda müxalifəti inhisara alıb, ondan siyasi kommersiya vasitəsi kimi istifadə edən qüvvələr buna imkan vermədilər. Bizim 1 il yarım ərzində müxalifətin bir çox kəsimləri ilə danışıqlarımız, söhbətlərimiz oldu. Razılığa gəlindi ki, Azərbaycan müxalifəti birləşsin və birgə mübarizə aparsın. Ancaq İsa Qəmbərin, Əli Kərimovun ətrafında olan insanlarla dəfələrlə apardığımız söhbətlər nəticəsiz qaldı, onlar müxalifətin birləşməsinə imkan vermədilər. Onlar hərəyə bir damğa vururlar. Lalə Şövkət Hacıyevanı agent adlandırdılar, Sərdar Cəlaloğlunun adından şayiələr yaydılar, İqbal Ağazadəyə, Mirmahmud Fəttayeva başqa cür yanaşdılar. Bu iki partiya sədri xaricin göstərişi ilə Avropada olan və adlarını dəyişən erməni diasporlarının vasitəsilə Azərbaycan müxalifətinin birləşməsinə imkan vermədilər. Bu iki nəfərin separatçı qüvvələrlə işbirliyini gördükdən sonra mən məcbur oldum ki, 1 il yarım aparılan danışıqların nəticəsi olaraq bu cür açıqlamalarla çıxış edim.


- İddia edirsiniz ki. Əli Kərimov və İsa Qəmbərin xaricdəki adlarını dəyişdirən erməni lobbisi ilə əlaqələri var. Bu əlaqələr hansı formadadır və tərəflər arasında öhdəliklər nədən ibarətdir?

- Onların iki satqın qəzetləri var. Mən açıqlamalar verərkən, orada bizim ünvanımıza əsası olmayan fikirlər yazırlar. Onların iç üzünü, həqiqəti açıb ortaya qoyanda mənə qarşı düşmən mövqe sərgiləyirlər. İsveçdə Aran Marnkunyan adlı şəxs erməni diasporuna rəhbərlik edir. Aran Marnkunyanın İsa ilə Əli üçün "ürəyi gedir". Niyə? Çünki bu iki nəfər onun tapşırıqlarını yerinə yetirir. Fransadakı erməni diasporunun rəhbərlərindən olan Tiqran Ovanesyanın AXCP-nin Azərbaycandan getmiş üzvləri ilə çox isti münasibətləri mövcuddur. Sual olunur: "Bu əlaqələr necə yaranıb, niyə daha da möhkəmlənir?". Çünki həmin ermənilər külli miqdarda pullar ötürürlər. İsa ilə Əli də onların tapşırıqlarını canla-başla yerinə yetirirlər. Yəni Azərbaycana qara yaxır, Avropa Birliyinə əsası olmayan xəbərlər çatdırır, donoslar verirlər. Azərbaycana qarşı həm erməni diasporu mübarizə aparır, Azərbaycanın guya ki, iki müxalifət partiyası, iki gədə bu işdə onlara əlaltılıq edirlər. Tiqran Ovanesyan bir ayda 360-380 min avro civarında "Avropa" kanalında yayımlanan "Azərbaycan saatı" verilişinə maliyyə ayırır. Qənimət Zahidovun da ailəsini Fransada saxlayır və maliyyələşdirirlər.

Avropada geylərin müdafiəçisi kimi tanınan Rik Qarsiya Əli Kərimova göndərdiyi təşəkkür məktubunda qeyd edir ki, "Azərbaycanda gey və lezbiyanların cəmiyyətinizdə müdafiəsi məsələsində rolunuzu və uğurlarınızı təqdir edirəm. Sizə bu işdə öncüllük etdiyiniz üçün minnətdaram. İstənilən problemin həllində köməyə şad olaram".

Mən haqsızlığa dözə bilmərəm. Əli Kərimov prezidentliyə namizəd olmaq istəyir. Mən necə xalqımı geylərin nümayəndəsinə satım? "İctimai Palata" deyilən qondarma bir qurum yaradıblar, orada təmsil olunanlar yalnız qohumları, kirvələrdir. Bu, Azərbaycan cəmiyyəti demək deyil. Bunun adını qoysunlar kirvələrdən, qohumlardan ibarət palata. Ona görə keçirdikləri mitinqlərə 500-1000-dən artıq insan gəlmədi. Bundan belə onlara meydan versələr belə 100 nəfər toplaya bilməyəcəklər. Çünki nüfuzları hər gün keçdikçə daha sürətlə azalmağa başlayır. Azərbaycan xalqı bilməlidir ki, millətə, xalqa xəyanət edən iki nəfər var - İsa Qəmbər, Əli Kərimov.

Bilmirəm hüquq-mühafizə orqanları hara baxır? Şəxsən mən onların yerində olsaydım Rik Qarsiyanın Əli Kərimova göndərdiyi faksla "Avrovisiya" öncəsi ona verilən 680 min avronu, bunu sübut edən səs yazıları faktlarını ortaya qoyub cinayət məsuliyyətinə cəlb edərdim. Qoy onu Avropada müdafiə edən ermənilər hay-küy salsınlar ki, Azərbaycanda söz azadlığı yoxdur.


- Radikal müxalifət "4 iyun qiyamı" ilə bağlı belə fikirlər səsləndirilər ki, bu hadisə xüsusi olaraq hazırlanmışdı və orada iştirak edən bütün qüvvələrin hərəkətləri dövlətin maraq və mənafeləri baxımından milli xəyanət idi. Siz bunu necə dəyərləndirirsiniz?

- Mən həmin dövrdə mühüm strateji qurum olan "Azərbalıq" Dövlət Konsernin sədri idim. Bu qiyamın əsas səbəbi Azərbaycandakı hakimiyyət daxilində ikitirəliyin yaranması idi. O dövrdə ehtiyac yox ikən AXCP ilə yanaşı Əli Kərimovun rəhbərlik etdiyi "Yurd", İsa Qəmbərin sədrlik etdiyi "Müsavat" partiyaları yarandı. Hakimiyyətdə təmsil olunanlar bir-birilərinə qarşı düşmən mövqedə dayanmışdılar. Həmin dövrdə Surət Hüseynov Elçibəylə görüşdü bir çox mövzularda razılığa gəldilər. Amma nədənsə görüşdən ayrılandan sonra onu həbs etmək istədilər. İsa Qəmbərin otağında Elçibəyin devrilməsi ilə bağlı Surət Hüseynovla gizli danışıqlar aparılıb. Bunların hamısının videoyazısı var. Azərbaycanda Elçibəy hakimiyyətinin devrilməsində ən böyük rolu oynayan bu iki şəxsdir. Rəhmətlik Elçibəy özü etiraf edirdi ki, məni bu günə Əli ilə İsa saldı. Elçibəyn yanında olan insanlar ona çox böyük xəyanət etdilər. Sülhəddin Əkbər deyir ki, bu iki partiya sədri Rusiya təhlükəsizlik orqanlarının agentidir. İsa nəinki Rusiyanın, İranın da agenti olub. 4 iyun hadisələrində Surət Hüseynovu qızışdıran bu iki şəxs idi. Onlar istəyirdilər ki, Elçibəy devrilsin, İsa Qəmbər prezident, Əli Kərimov isə baş nazir olsun. Yəni "Yurd"la "Müsavat" hakimiyyəti idarə etsin.

Heç vaxt Əli Kərimovdan, İsa Qəmbərdən dövlət rəhbəri olmaz. Kərimovun rəhbərlik etdiyi dəstə "Tbilisi" prospektindədir. Onların ətrafında olan insanlara səslənirəm: "Yazıqsınız, aldanmayın. Biz onlarla birgə işləmişik. Bu iki şarlatana inanmayın. Onlar siyasi oğrulardır. Xarici havadarları hesabına lüks həyat sürürlər. Övladları xaricdə təhsil alır. Onları xalq yox, şəxsi mənafeləri maraqlandırır.