Məleykə Abbaszadə yenə söz atdı

6 İyun 2012 12:51 (UTC+04:00)

"Şagirdlər elə bilirdilər ki, buraxılış imtahanlarına girərək əvvəllər olduğu hansısa formada qiymət ala biləcəklər. Çünki bu vaxta kimi buraxılış imtahanları qeyri-real keçirilib. Şagirdlər telefon vasitəsilə müəyyən suallara cavab alıb və ya ətrafdakılardan köçürərək qiymət alıblar. Amma bu il imtahanlar tam şəffaf olaraq keçirilib və real meyarlara əsasən təşkil olunub". SİA-nın xəbərinə görə, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, imtahanı ədalətsiz qaydada pozmaq istəyənlərin nəticələri ləğv olunub. Belə ki, bu il XI siniflərin buraxılış imtahanında 9 nəfər, IX siniflərin imtahanında isə 13 nəfər qaydaları pozduğuna görə imtahandan azad edilib. Qaydaları pozan şagirdlərə gələcəkdə də heç bir güzəşt olunmayacaq.

M. Abbaszadə həmçinin vurğulayıb ki, bu ilin fevralında Təhsil Nazirliyi tərəfindən keçirilən yoxlama buraxılış imtahanlarının heç bir elmi əsası olmayıb və bu özünü TQDK tərəfindən keçirilən buraxılış imtahanlarında bir daha göstərib: "Buraxılış imtahanlarından sonra XI illik təhsil üzrə nəticə çıxararkən şagirdin həm 2010-cu il üzrə illik qiyməti, həm XI sinifdəki qiymətləri nəzərə alınır. Məsələn, riyaziyyat fənni üzrə buraxılış imtahanlarında "2" qiymət alan uşaqlardan 10-cu sinifdə 532-si "3", 105-i "4", 7-si isə "5" qiymət alıb. Buraxılış imtahanında "3" alanların 6617-sinin 2010-cu ildə yekun qiyməti "3", 3670-inin "4", 528-inin isə "5" olub. Buraxılış imtahanında "4" qiymət alanların isə 2844-ü 2010-cu ildəki illik qiymətlərdə "3", 4623-ü "4", 2405-i isə "5" alıb. Buraxılış imtahanlarında "5" qiymət alanlardan 343-nün 2010-cu ildə illik qiyməti "3", 1494-nün "4", 2383 nəfərinin isə "5" olub. Buraxılış imtahanlarından "2" alanların isə 510 nəfərinin bu il üzrə illik qiyməti "3", 130-nun illik qiyməti "4", 5 nəfərinin isə qiyməti "5" idi. Buraxılış imtahanlarında "5" qiymət alanların 2393-ünün bu illik qiymətləri "5", 1460-nın "4", 248-nin isə illik qiyməti "3"dür\".