Sumqayıt: gənclər narkomaniyaya qarşı

5 İyun 2012 20:31 (UTC+04:00)
Sumqayıt şəhərində yerləşən Parolimpiya kompleksində WKC növləri üzrə Karate-Do Federasiyasının və "Gənclər" klubunun təşkilatçılığı ilə Narkomaniyaya qarşı ilk açıq Azərbaycan birinciliyi keçirilib. SİA-nın məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən WKC növləri üzrə Karate-Do Federasiyasının prezidenti Nurəddin Quliyev ölkəmizdə idmanın və gənclərin inkişafına göstərilən dövlət qayğısından danışıb. Federasiya prezidenti bildirib ki, məhz Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı Azərbaycanı dünyada idman ölkəsi kimi tanıtdırıb. N.Quliyev keçirilən birinciliyin də məhz gənclərin sağlam ruhda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib:


\"Bu gün Azərbaycanda gənclərin sağlam, vətənpərvər ruhda inkişaf etməsi üçün hər bir şərait yaradılıb. Ölkəmizin hər bir bölgəsində Olimpiya kompleksləri tikilib. Bu gənclərin zərərli vərdişlərdən kənarlaşmasına, idman sahəsinə meyl etməsinə yaxından kömək göstərir".


Çıxış edən "Gənclər" klubunun prezidenti Rövşən İsmayılov da bildirib ki, dövlətimiz gənclərin vətəninə, dövlətinə bağlı böyüməsi üçün bütün zəruri addımları atır: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan Milli Olimpiya Hərəkatı Azərbaycan idmanını, o cümlədən idmançılarımızı dünyada məhşurlaşdırıb. Bu gün hər bir Azərbaycan gənci öz üzərində dövlətinin, möhtərəm Prezidentimizin diqqət və qayğısını hiss edir. Mən hər bir idmançıya uğurlar arzulayıram".


Məşqçi Əmirqulu Quliyev də bu cür turnirlərin gənclərdə idmana həvəsi daha da gücləndirəcəyini bildirib. Onun sözlərinə görə, bu gün ölkəmizdə idmançıların inkişafı üçün münbit şərait yaradılıb:


"Dövlətimizin diqqəti idman sahəsinin inkişafına kömək edir. İdmanın inkişafı həm də gənclərin inkişafıdır. Bu baxımdan dövlətimiz idmana diqqət və qayğı göstərməklə sağlam gələcəyimizi təmin etmiş olur".


Daha sonra birincilik keçirilib. Bir neçə yaş qrupu üzrə və bir neçə çəkidə keçirilən turnirdə gənc karateçilər uğurlu çıxışlarla yadda qalıblar. Məşqçilər Əmirqulu Quliyevin və Bəşir Mahmudovun yetirmələri daha uğurlu çıxışlarla yadda qalıblar. Birinciyiliyin sonunda komandalar arasında da yarış keçirilib. Birincilikdə qalib gələn gənc karateçilər diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.