Ukrayna Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipiallıq nümayiş etdirir

5 İyun 2012 19:15 (UTC+04:00)
Milli Məclisin sədri Oqtay Əsədov Ukraynanın xarici işlər naziri Konstantin Qrişşenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, O.Əsədov bildirib ki, hər iki ölkənin qanunverici orqanında parlamentlərarası əlaqələr üzrə dostluq qrupları fəaliyyət göstərir. Spiker Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Ukraynanın göstərdiyi prinsipial mövqeyə görə öz minnətdarlığını bildirib.

Ukraynanın xarici işlər naziri Konstantin Qrişşenko Azərbaycana səfəri zamanı keçirdiyi görüşləri yüksək qiymətləndirib. O bildirib ki, dövlətlərarası münasibətlər sistemində özünəməxsus yeri olan parlamentlərarası əlaqələr əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edir. Qonaq "Eurovision" mahnı müsabiqəsinin yüksək səviyyədə təşkilinə görə, Azərbaycan tərəfini təbrik edərək bunu müstəqil Azərbaycanın həyatında əlamətdar hadisə kimi dəyərləndirib.

Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko və digər rəsmi şəxslər iştirak ediblər.