Prezident İlham Əliyev eks-naziri qəbul edib

5 İyun 2012 18:43 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının keçmiş xarici işlər naziri Hans-Ditrix Genşerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, Prezident İlham Əliyev Hans-Ditrix Genşerlə Münxendə keçirdiyi görüşü xatırlayıb.

Qonağın böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etməsindən məmnunluğunu bildirən dövlət başçısı bu səfərin əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi baxımından yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.

Almaniyanın keçmiş xarici işlər naziri Azərbaycanda gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyib. Almaniya cəmiyyətinin müxtəlif təbəqələrini təmsil edən böyük nümayəndə heyəti ilə respublikamıza səfərə gəldiyini vurğulayan Hans-Ditrix Genşer ölkəsinin Azərbaycan ilə bütün sahələrdə, o cümlədən Azərbaycan-Avropa İttifaqı arasında əlaqələri genişləndirməkdə maraqlı olduğunu deyib.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.