Millət vəkili: “İranın tarixini araşdırsaq görərik ki...” - MÖVQE

5 İyun 2012 18:33 (UTC+04:00)

"Azərbaycan hər zaman yaxın tərəfdaşlıq və dostluq siyasətinə sadiq olub. Ölkənin qonşularına qarşı heç bir siyasəti dəyişməyib. Amma təəssüflər olsun ki, Azərbaycan mədəni cəhətdən yüksəldikcə, dövlətimizin dünyəvi bir ölkə olaraq təbliğatı dünyada daha da geniş yer tutduqca, bütövlükdə bir ölkə olaraq inkişaf etdikcə İran buna təhlükə kimi yanaşır". Bunu SİA-ya açıqlamasında millət vəkili Ceyhun Osmanlı deyib.

Onun sözlərinə görə, İranda bir çox dairələr düşünür ki, Azərbaycana gələn bir çox vətəndaşı öz ölkəsinə döndükdən sonra bu tərzdə, yəni, azad, demokratik yaşamaq istəyir. Millət vəkili vurğulayıb ki, məhz bu hiss də Azərbaycana təhlükə kimi baxmağa səbəb olur.

"Hesab edirəm ki, nümunəvi ənənələrə təhlükə kimi yanaşmaqdansa, bundan bəhrələnmək, münasibətləri hər zaman konstruktiv meyyarlara kökləmək lazımdır. Çünki dünya azərbaycanlılarının sayı 50 milyondur və onlar bir çox ölkələrin həyatında mühüm rol oynayırlar. O cümlədən iranlılar azərbaycanlıların həyatında mühüm rol oynayırlar. İranın tarixini araşdırsaq görərik ki, türklərə - etnik azərbaycanlılara necə böyük önəm verilir. Hər dəfə İran Azərbaycana qarşı addımlar atdıqca əslində 10 milyonlarla insanı təhqir etdiyini, Ermənistana dəstək verdikcə öz azəri vətəndaşlarının mənəvi duyğuları ilə oynadığını heç vaxt nəzərdən qaçırmamalıdır. Azərbaycan İrana dostluq prizmasından yanaşdığı kimi, İran da Azərbaycana bu iradəni göstərmək mədəniyyətinə sahib olmalıdır", - deyə millət vəkili əlavə edib.