Bolqarıstan Parlamentinin üzvü tələbələrə mühazirə oxudu

5 İyun 2012 14:08 (UTC+04:00)

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Bolqarıstan Parlamentinin üzvü mühazirə oxuyub. SİA-nın xəbərinə görə, Bolqarıstan Parlamentinin üzvü olan Meqlena Plugtçiyevanın mühazirəsi "Avropa Birliyi Regional Siyasəti-Bolqarıstan misalı" mövzusunda olub. O bildirib ki, Avropa Birliyinin Regional Siyasəti təşkilata üzv olan ölkələr arasında yaranan struktur bərabərsizliyini azaltmaq və ölkələrdə ahəngdar inkişafa şərait yaratmaqdır. Onun sözlərinə görə, bu siyasət həmrəylik konsepsiyasının üzərində qurularaq iqtisadi və sosial birliyi təmin edir. "Bolqarıstanın Avropa Birliyinə müraciət etməsi müsbət nəticələrə səbəb olub. Belə ki, bununla Bolqarıstan həm siyasi, həm də iqtisadi tərəfdən diqqət nöqtəsi olaraq xarici nəzarətçi və investorları cəlb edib. Bundan əlavə, ölkə, AB institutları, təşkilata üzv dövlətlər, beynəlxalq təşkilatlar və digərləri arasında daha çox etibara nail olub. Avropa Birliyinə daxilolma müxtəlif tərəfdaşlar və vətəndaş cəmiyyəti strukturlarının milli inkişaf proseslərində fəal iştirak etməkdə birləşmələri üçün stimul yaradıb. Lakin ölkənin regional inkişafında bir sıra problemlər mövcuddur. Bunlara 1990-ci illərdən qalan çətinliklər, AB regionları ilə müqayisədə regionların social və iqtisadi inkişafı baxımından ləngitməsi, regionlararsı bərabərsilik, şəhər və əyalətlər arasında texniki infrastruktur və göstərilən ictimai xidmətlərin inkişafı mərhələsində fərqlilik və digərləri daxildir".

Daha sonra qonaq tələbləri maraqlandıran sualları cavablandırıb. Qeyd edək ki, tədbirdə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia da iştirak edib.