Həsən bəy Zərdabinin 170 illik yubileyi təntənəli şəkildə qeyd ediləcək

5 İyun 2012 11:56 (UTC+04:00)

2012-ci ildə Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Səlim bəy oğlu Zərdabinin (Məlikovun) 170 illiyinin tamam olması münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti sərəncam imzalayıb. Sİa-nın məlumatına görə, prezidentin sərəncamına əsasən ictimai xadimin 170 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Həsən bəy Zərdabinin 170 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.

Xatırladaq ki, Azərbaycan mətbuatının banisi, dövrünun görkəmli ziyalısı, "Əkinçi" qəzetinin redaktoru Həsən bəy Məlikov (Zərdabi) 1837-ci il iyunun 28-də keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olub.


Həsən bəy ilk təhsilini mollaxanada alıb, sonra Şamaxı qəza məktəbində oxuyub, orta təhsilini isə Tiflisdə tamamlayıb.


1861-ci ildə Moskva Universitetinə daxil olan Həsən bəy Zərdabi dörd il sonra həmin universitetin təbiət-riyaziyyat fakültəsini bitirib. Bir müddət Tiflisdə qulluq edəndən sonra Qubada məhkəmədə işləyən Zərdabi daha sonra Bakıya gələrək burada rus dilli orta məktəbdə təbiətdən dərs verməyə başlayıb. Onun apardığı təbliğatın köməyi ilə Bakı gimnaziyasında oxuyan tələbələrin sayı az bir zamanda xeyli çoxalıb.


O zaman Azərbaycanın mərkəzi şəhəri kimi Bakının sürətli inkişafı milli mətbuatımızın yaranması zərurətini doğurdu. Doğma ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət etdi.


Bununla əlaqədar böyük mütəfəkkir xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə müvəffəq oldu. Bu mətbu orqanla milli mətbuatımızın əsası qoyuldu.


1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən "Əkinçi" ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu. Bu illər ərzində qəzetin 56 nömrəsi çıxıb.


"Əkinçi" qəzetində Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şerləri və Mirzə Fətəli Axundovun "Vəkili-naməlumu millət" imzası ilə məqalələri dərc olunub.


Sonralar Bakıdan kənarda yaşamasına baxmayaraq Zərdabi yenə də mətbuatda fəal iştirak edirdi. Belə ki, 1880-1890-cı illərdə onun Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunub.

Ədib 1907-ci il noyabr ayının 28-də vəfat edib.