“Korrupsiya Azərbaycan dövlətçiliyinə və insan əxlaqına ziddir” adlı layihə müzakirə edilib

4 İyun 2012 20:44 (UTC+04:00)

"Sivilizasiya və Maarifçilik" ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə icra etdiyi "Korrupsiya Azərbaycan dövlətçiliyinə və insan əxlaqına ziddir" adlı layihənin birinci hissəsi başa çatıb. Birlikdən SİA-ya verlən məlumata görə, layihə çərçivəsində ölkənin dövlət və özəl ali məktəblərində ( Azərbaycan Dövlət Pedoqoji Universiteti, Xəzər Universiteti, Azərbaycan Turizm İnstitutu və s.) müəllim və tələbələrlə dəyirmi masalar, görüşlər keçirilib. Bu tədbirlərdə korrupsiyanın mahiyyəti, çoxaspektli sosial, mənəvi, iqtisadi və s. zərərləri haqda tələbə və müəllim heyətinə məlumatlar verilib, antikorrupsiya ilə bağlı Azərbaycan Respublikasında mövcud olan qanunlar, dövlətimizin qoşulduğu beynəlxalq sənədlər haqda müzakirələr keçirilib. Qeyd olunub ki, hazırda korrupsiya ölkənin əsas problemləri sırasına aid edilir: "Fikrimizcə, korrupsiya ilə effektiv mübarizə üçün bu ictimai vərdiş və ənənə xarakteri almış zərərli sosial fenomenin mahiyyəti, mənəvi, iqtisadi, siyasi və s. səbəb və nəticələri ilə bağlı əhalinin informasiya təminatında ciddi boşluqlar vardır. Müşahidələrə görə ölkədə korrupsiya ilə bağlı məlumatlar kəmiyyətcə az və keyfiyyətcə aşağıdır. Korrupsiya kütləvi hal olsa da o hələ də ictimai müzakirələrin əsas elementinə çevrilməyib. Korrusiyanın mahiyyətinin ictimai miqyasda başa düşülməməsi və bu sahədəki biliklərin məhdudluğu onunla mübarizəyə mane olan əsas cəhətlərdəndir. Bu layihənin icrasının məqsədi məhz bu maneənin aradan qaldırılmasına yönələn cəhdlərdəndir. Korrupsiya iqtisadi inkişafı ləngidən, sosial qütbləşməni artıran müəyyənedici amillərdəndir.Korrupsiyanın ictimai əxlaqın əsas elementinə çevrildiyi ölkələrin təcrübəsi təsdiq edir ki, belə vəziyyətdə sağlam rəqabət mümkün olmur və bu da təbii ki, iqtisadi inkişafda əsas problemdir. Korrupsiya hüquq və əxlaq normalarının inkarına, nihilist mühitin yaranmasına gətirib çıxarır.

İntellektualların, mütəxəssislərin mövqeyinin öyrənilməsi korrupsiyanın tam mənzərəsinin, ölkədə fəaliyyət mexanizminin aydınlaşdırılmasına və onunla mübarizədə yeni metodların, yanaşmaların ictimaiyyətin diqqətinə çatdırılmasına yardım edə bilər. Antikorrupsiya mövzusunda ölkənin intellektual elitası ( millət vəkilləri, sosioloqlar, iqtisadçılar, hüquqşünaslar, filosoflar, yerli və beynəlxalq QHT-lərin nümayəndələri, dövlət qulluğunda xidmət edən və xidmət etmiş vətəndaşlar və s.) arasında dərinləşdirilmiş ekspert sorğusunun keçirilməsi sistemli və konseptual baxışların ictimaiyyətə çatdırılmasına kömək edərdi. Bu tip tədqiqat ölkəmizdə ilk dəfə keçirilir və fikrimizcə, müstəqil, obyektiv və yaradıcı antikorrupsion baxışın müəyyənləşdirilməsi çox əhəmiyyət daşıyır. Bu ümummilli miqyasda antikorrupsiya hərəkatının uğur qazanmağına dair təkliflərin öyrənilməsinə xidmət edəcək. Hazırda ekspert sorğuları başa çatmaqdadır. Bu sorğunun nəticələri əsasında kitab nəşr ediləcək".

Tədbirlərdə qeyd olunub ki, universitetlər ictimai həyatın bütün sahələri üçün kadr hazırlayan baza müəssisələri olduğundan antikorrupsiyanın vacibliyi, onun cəmiyyət və dövlətin sağlam əsaslarla idarə edilməsinin təbliği məhz buradan başlasa daha doğru olardı. Tədbirlər tələbə və müəllimlərin iştirakı ilə geniş diskussiya şəraitində keçirilmişdir.

Layihə çərçivəsində keçirilən tədbirlərdə pedoqoji elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Pedoqoji Universitetin dosenti İlham Əhmədov, hüquq elmləri üzrə fəlsəfə doktoru Bəhruz Kərimov, biologiya elmləri üzrə fəlsəfə doktoru, BDU-nun dosenti Vaqif Əmikişiyev və başqaları məruzəçi kimi çıxış ediblər. Nəşr edilən iki buklet tədbir iştirakçılarına paylanılıb. Bukletlərdən biri körkəmli şəxsiyyətlərin korrupsiya ilə bağlı fikirlərini, digər buklet isə antikorrupsiya ilə bağlı respublikamızda hazırda qüvvədə olan qanunlardan və beynəlxalq sənədlərdən zəruri çıxarışları əks etdirir.