Azərbaycan MONEYVAL qarşısında öhdəlikləri yerinə yetirir-TƏHLİL

4 İyun 2012 16:04 (UTC+04:00)

Qloballaşan dünyada insanları narahat edən problemlər içərisində ən ağrılı, faciəvi nəticələrə səbəb olan narkomaniya və narkobiznesdir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına əsasən dünyada narkotiklərin ticarəti, neft və silah alverindən sonra üçüncü ən çox gəlir gətirən sahədir.

Milyonlarla insan bu bəlanın qurbanına çevrilib

Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəlanın qurbanına çevrilib. Beynəlxalq narkosindikatlar Azərbaycanın geosiyasi mövqeyi, əlverişli vəziyyətindən istifadə edərək onu narkotik vasitələrin Müstəqil Dövlətlər Birliyi ölkələrinə və Avropaya aparılmasında tranzit əraziyə çevirməyə cəhd etmişdilər. Həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün sahələrdə olduğu kimi, narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərmişdir. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisinin narkoişbazlar üçün cəlbedici olması ölkəmizdə bu istiqamətdə ciddi mübarizə aparılmasını tələb edir.

Ölkəmizdə narkotizmə və narkobiznesə, beynəlxalq terrorizmə, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində lazım olan normativ-hüquqi baza, müvafiq təşkilati strukturlar yaradılmış və milli proqramlar hazırlanıb həyata keçirilmişdir. Müstəqil Azərbaycan artıq iyirmi ildən çoxdur ki, beynəlxalq ictimaiyyət və aparıcı dünya dövlətləri ilə birgə bu problemin həlli yolunda ardıcıl və məqsədyönlü addımlar atır.

ABŞ Dövlət Departamenti narkotiklərin yayılmasına və çirkli pulların yuyulmasına qarşı mübarizəyə dair növbəti illik hesabatının Azərbaycan üzrə bölməsində vurğulanır ki, son on ildə ölkədə sürətli iqtisadi inkişaf gedir və lazımı iqtisadi islahatlar həyata keçirilib. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə xüsusi önəm verilir. Bu istiqamətdə enerji sektorunda mühüm işlər görülür.


Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı fasiləsiz tədbirlər

Bundan əlavə, hesabatda qeyd olunur ki, Azərbaycan hökuməti narkotiklərin qanunsuz dövriyyəsi nəticəsində maliyyə sektorundakı cinayətlərə qarşı fasiləsiz tədbirlər görür.

Ötən il Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən 2921 fakt üzrə 1 ton 549 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarılıb. Həmin faktlardan 2636-sı üzrə 557 kiloqramı Daxili İşlər Nazirliyi tərəfindən, 33 fakt üzrə 606 kiloqramı Milli Təhlükəsizlik Nazirliyi tərəfindən, 138 fakt üzrə 227 kiloqramı Dövlət Gömrük Komitəsi tərəfindən, 114 fakt üzrə 159 kiloqram narkotik vasitə isə Dövlət Sərhəd Xidməti tərəfindən dövriyyədən çıxarılıb. Dövriyyədən çıxarılan narkotik vasitələrin 359 kiloqramdan çoxu marixuana, 919 kiloqramdan çoxu həşiş, 120 kiloqramı isə heroin olub. Narkotiklərlə bağlı qeydə alının cinayət faktlarından 917-si satış üzrə, 1762-si saxlama, 111-i isə əkinlə bağlıdır. Aşkarlanan narkotik faktları üzrə 37 nəfəri xarici ölkə vətəndaşları ilə bağlı olub ki, onlardan 158 kiloqramdan artıq narkotik vasitə götürülüb.

Azərbaycan üzərindən qaçaqmalçılıqla gəlincə, bu gün beynəlxalq arenada Azərbaycanın üzərindən daşınan qaçaqmal tranzit xətti "Şimal Balkan" marşrutu adlanır. Bütün beynəlxalq təşkilatlara məlumdur ki, bu gün Əfqanıstanda istehsal olunan narkotik vasitələr İran vasitəsi ilə Azərbaycanın işğal altındakı ərazilərinə keçirilir və həmin ərazilərdən də Avropaya daşınır. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən əldə olunan məlumatlara görə, işğal altında olan ərazilərdə narkotik vasitələrin əkilib-becərilməsi də həyata keçirilir. Həmin narkotikdən əldə olunan maliyyə vəsaitləri isə Dağlıq Qarabağdakı qanunsuz silahlı birləşmələrinə sərf edilir. Bu gün "Şimal Balkan" xətti üzrə Azərbaycan hüquq-mühafizə orqanlarına məlum olan 130-dan yuxarı marşrut var. Bütün bu marşrutlara qarşı hüquq-mühafizə orqanları tərindən mübarizə aparılır.

Maliyyə monitorinq xidməti möhkəmlənib

Ötən il Azərbaycan maliyyə monitorinq xidmətini möhkəmləndirməklə bu istiqamətdə beynəlxalq standartlara uyğun yeni qanunvericilik həyata keçirib. Azərbaycan çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) və əlaqədar regional qurumun üzvüdür.

ABŞ Dövlət Departamentinin yaydığı hesabatda həmçinin vurğulanır ki, Azərbaycan hökuməti çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir.

Azərbaycanın Mərkəzi Bankı nəzdində Maliyyə Monitorinqi Xidməti 2012-ci ilin I rübündə şübhəli və cari əməliyyatlar üzrə 55,617 min məlumat alıb. Məlumatlara görə, bilavasitə 2012-ci ilin mart ayı ərzində Xidmət 17,958 min məlumat alıb. Ümumilikdə 2011-ci ildə Maliyyə Monitorinqi Xidməti şübhəli və cari əməliyyatlara dair 236,961 min məlumat alıb.

Qeyd edək ki, Xidmət bu istiqamətdə qanun pozuntuları haqqında məlumat üçün statistik formanı müəyyən edir, aparılan təhlillər və monitorinqlər əsasında məlumatları Milli Təhlükəsizlik Nazirliyinə təqdim edir, mərkəzləşdirilmiş elektron-informasiya sistemini təşkil edir.