Əhməd Cavadın 120 illik yubileyi qeyd ediləcək

4 İyun 2012 14:52 (UTC+04:00)

Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi, görkəmli şair və tərcüməçi, repressiya qurbanı Əhməd Cavadın 120 illik yubileyi qeyd ediləcək.


Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Yubiley tədbirinin iyunun 5-də Azərbaycan Dövlət Filarmoniyasında keçirilməsi planlaşdırılır. Yubiley mərasimində tanınmış sənət adamları şair haqqında danışacaq, onun şeirlərindən parçalar oxunacaq, sözlərinə bəstələnmiş musiqilər səsləndiriləcək. Tədbirin aparıcısı millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərovdur.


Əhməd Cavad ədəbi simalarla zəngin olan çoxəsrlik Azərbaycan ədəbiyyatında özünün sarsılmaz iradəsi və aydın siyasi mövqeyi, çox yüksək mətanət və geniş miqyaslı düşüncə tərzi ilə parlaq şair-təbliğatçı nümunəsidir. O, Azərbaycan ədəbiyyatı tarixinə milli inqilabi poeziyanın banisi kimi daxil olub və bu günədək həmin ədəbi prosesin təkrarsız nümayəndəsi kimi yaşamaqdadır.


Ə. Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olub. O, sovet-kommunist rejiminin repressiyasına məruz qalaraq 1937-ci ildə güllələnib.