İsveçdə \"Eurovision 2013\"-ə ev sahibliyinə 3 şəhər nəzərdən keçirilir

4 İyun 2012 10:08 (UTC+04:00)

\"Eurovision- 2013\"ün icraçı prodüseri müəyyənləşib


İsveçin Milli Televiziyasında Lorinin qalibiyyətindən bir neçə gün sonra təşkil edilən görüşdə Martin Österdahl \"Eurovision 2013\"ün icraçı prodüseri təyin olunub. SİA-nın builki müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, 38 yaşlı Martinin televiziya, musiqi və mətbuat sahəsində böyük təcrübəsi var. O, 2007-ci ildə İsveçin Eurovision Mahnı Müsabiqəsindəki təmsilçisini müəyyən edən Melodifestivalen yarışmasında layihə meneceri və münsiflər heyətinin sədri olub.


\"Bu işin mənə həvalə olunmasına görə fəxr edirəm. Biz çalışacağıq ki, gələn ilin may ayında televiziyada çox yaddaqalan anlar yaşadaq\" - deyə Martin Österdahl bildirib.


Müsabiqənin keçiriləcəyi məkan hələlik dəqiq məlum olmasa da Avropanın ən nüfuzlu televiziya şousuna ev sahibliyi etməyə iddialı üç şəhərin adı çəkilir. Bunlar İsveçin paytaxtı Stokholm, ölkənin əsas sənaye və mədəniyyət mərkəzləri hesab edilən Gothenburq və Malmo şəhərləridir.