Gənclər Fondunun təqdimatı olacaq

4 İyun 2012 09:49 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu yaradılıb. Fond gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını təmin edəcək. O cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etmək fondun əsas məqsədləridir.


Fond gənclərin, gənclər təşkilatlarının, eləcə də yerlərdə gənclər siyasətini həyata keçirən dövlət və yerli özünüidarəetmə qurumlarının elmi-tətbiqi, sosial əhəmiyyətli və idarəetmə sahəsindəki innovativ ideyalarını dəstəkləyəcək, dövlətin və cəmiyyətin inkişafında gənc nəslin təşəbbüskarlığını və iştirakını artıracaq, ideyaların yaradılması və idarəedilməsini stimullaşdıracaq. Azərbaycan Gənclər Fondu gənclər arasında Fondun loqosunun dizaynı ilə bağlı müsabiqə elan edib. Müsabiqənin keçirilməsində əsas məqsəd isə gənclərin Fondun fəaliyyətində yaxından iştirak etməsini təmin etmək və gənclərin iştirakı ilə Fondun vahid loqosunu hazırlamaq idi. Adı çəkilən müsabiqə yekunlaşıb və 181 ədəd loqo təklifi gəlib. Müsabiqədə Avropanın bir sıra ölkələrinin də gəncləri iştirak ediblər.


İyunun 8-də isə Gənclər Fondunun təqdimat mərasimi keçiriləcək. Mərasimdə fondun loqosu, saytı, fəaliyyət istiqamətləri ictimaiyyətə təqdim olunacaqdır. Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəsmiləri, nazirlər, millət vəkilləri, özəl sektor

təmsilçiləri, gənclər təşkilatlarının nümayəndələri iştirak edəcəklər.