Bu gün ABŞ dövlət katibi Hillari Klintonun Cənubi Qafqaza səfəri başlayır

4 İyun 2012 08:30 (UTC+04:00)

Bu gün ABŞ dövlət katibi Hillari Klintonun Cənubi Qafqaza səfəri başlayır. SİA-nın xəbərinə görə, o, 4-7 iyun tarixlərində Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək. Dövlət katibi səfər zamanı Azərbaycan, Gürcüstan və Ermənistanın prezidentləri, yüksək vəzifəli rəsmiləri ilə vacib regional məsələlər, demokratiya, iqtisadi inkişaf və terrorizmlə mübarizə məsələlərini müzakirə edəcək.

Dövlət Departamentinin saytında yerləşdirilən məlumatda qeyd olunub ki, Hillari Klinton bu ölkələrdə vətəndaş cəmiyyətinin liderləri ilə görüşəcək, Gürcüstanda isə siyasi xadimlərlə geniş görüş keçirəcək. Dövlət katibi Gürcüstanda olarkən iyunun 5-də Batumda keçiriləcək ABŞ-Gürcüstan Strateji Tərəfdaşlıq üzrə Komissiyanın iclasında iştirak edəcək.

H.Klinton Azərbaycandan əvvəl iyunun 4-də Ermənistanda, iyunun 5-də isə Gürcüstanda səfərdə olacaq. Ayın 6-sı Azərbaycana gələn xanım diplomat sonra Türkiyəyə səfər edəcək.