Deputatlarımız Çexiyaya səfər edəcək

3 İyun 2012 20:02 (UTC+04:00)

Azərbaycan Respublikası Milli Məclisinin Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Gülər Əhmədova, qrupun üzvləri Sədaqət Vəliyeva, Malik Həsənov və Ülvi Quliyev iyunun 4-də Çexiyanın paytaxtı Praqaya səfər edəcək. Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, səfər Çexiya Parlamentinin Deputatlar Palatasının Azərbaycanla dostluq qrupunun dəvəti ilə həyata keçirilir.


Milli Məclisin deputatları Çexiya parlamentinin fəaliyyəti ilə yaxından tanış olacaq, Senatın və Deputatlar Palatasının rəhbərliyi, dostluq qrupunun üzvləri ilə görüşəcək. Söhbətlər zamanı parlamentlər səviyyəsində əməkdaşlığın möhkəmləndirilməsi, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi, tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılacaq.


Səfər iyunun 7-də başa çatacaq.