İspaniyanı nümayişlər dalğası bürüyüb

3 İyun 2012 10:23 (UTC+04:00)

Bu gün İspaniya tarixinin ən ağır günlərini yaşayır. Maliyyə böhranı bu ölkəni diz çökdürüb. Hökumətin maliyyə siyasətinə qarşı etiraz edən 100-ə yaxın fəal yenidən Bankia - banklar şəbəkəsinin qərargahı qarşısında toplaşıb. Fəallar tavaları, qabları bir-birinə vuraraq səs-küy salmaqla öz etirazlarını bildiriblər.


Qeyd edək ki, hökumət özəl bank sektorunu böhrandan xilas etmək məqsədilə sosial xərclərin azaldılmasına çalışır.


"Hökumət özəl bank sektorunu əhalinin təməl ehtiyaclarının hesabına həll etməyə çalışır. Təhsil və səhiyyə sahəsində banklara 27.3 milyard dollar məbləğində pul ayrılıb. Burada olmağımızın səbəbi də budur" - deyə etiraçılardan biri bildirib.


Lakin etirazlara baxmayaraq, İspaniya hökuməti Avropanın sərt islahatlarına tabe olmağa çalışacaq. Bu barədə açıqlama verən ölkənin baş naziri Mariyano Raxoy qeyd edib ki, islahatlar ölkəni böhrandan çıxarmağın yeganə yoludur.


İspaniya hazırda 24.4 faizlə Avropada işsizliyin səviyyəsinə görə birinci yerdədir.


Analoji aksiyalar Argentinada da baş verib. Onlarla etirazçı əllərində qablarla paytaxt Buenos Ayresin küçələrində səs-küy salıblar. Aksiya iştrakçıları artan inflyasiya və zəifləyən ticarət həcminə qarşı, həmçinin, xarici valyutanın alışına məhdudiyyətlərin qoyulmasına etiraz ediblər.