Sahibkarlar üçün treninqlər təşkil edilib

1 İyun 2012 20:23 (UTC+04:00)
Bu gün Yevlaxda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin təşkilatçılığı, Yevlax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün "Ekoloji təmiz kənd təsərrüfatı" və "Aqrar iqtisadiyyat" mövzularında treninqlər keçirilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, treninqlərdə Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin, Yevlax Rayon İcra Hakimiyyətinin əməkdaşları, eləcə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Treninqlərdə "Ekoloji təmiz kənd təsərrüfatının nəzəri əsasları" mövzusunda təqdimat keçirilib, ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, bu məhsulları istehsal edən müəssisələrin təşkili qaydaları, aqrar bölmədə təsərrüfatçılığın yeni formaları, kənd təsərrüfatı xammalının tədarükü və saxlanılması, yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və satışını təmin etmək üçün işgüzar əlaqələrin qurulması və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Bu gün həmçinin, Qazax rayonunda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Qazaxda kurortların inkişaf perspektivləri" mövzusunda treninq keçirilib. Tədbirdə Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının, "Avey" Dövlət Qoruğunun əməkdaşları, eləcə də rayonunda kurort və turizm sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak edib. Treninqdə turizm obyektlərində xidmətlərin beynəlxalq standartlara uyğun təşkili üçün kadrların peşə hazırlığının daha da artırılması, praktiki əmək vərdişlərinin formalaşdırılması, tanınmış turizm şirkətləri ilə təcrübə mübadiləsinin aparılmasının zəruriliyi qeyd olunub, xidmətlərin müasir tələblərə uyğun təşkili, kənd turizminin formalaşdırılması və s. barədə ətraflı məlumat verilib.

Tədbirlər çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.