Raqif Abbasov: “Məqsədimiz Azərbaycançılıq ideyasının təbliğidir”

1 İyun 2012 18:09 (UTC+04:00)
Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Abşeron Rəsm Qalereyasında "1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü" münasibəti ilə "Abşeron övladları" klubu üzvlərinin fərdi rəsm sərgisi keçirilib. SİA-nın məlumatına görə, sərgidə beynəlxalq müsabiqələrdə yüksək mükafatlara layiq görülmüş gənc rəssamların əsərləri nümayiş olunub.

Məlumat üçün bildirək ki, tədbirdə Baş İdarənin rəisi Raqif Abbasov, Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, İttifaqın nümayəndəsi Ziyadxan Əliyev, xalq rəssamı Altay Hacıyev və uşaq rəsm studiyalarının nümayəndələri iştirak edib. Çıxış edən nümayəndələr uşaqların hər zaman qayğıya, müdafiəyə ehtiyacı olduğunu vurğulayıblar.

Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi sərgini yüksək qiymətləndirib. Təqdim olunacaq mükafatların onların həyatında böyük iz qoyacağını və uşaqların gələcək inkişafına dəstək olacağını vurğulayıb. Bundan sonra isə beynəlxalq və yerli yarışlarda yüksək nailiyyətlər qazanmış uşaqlara Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən beynəlxalq yarışlarda xüsusi fərqlənən Cavidan Əhmədov, Aidə Əmirova, Səbinə Papova və "Abşeron övladları" klubunun üzvü Fuad Anjikova diplom və mükafatlar təqdim olunub, daha sonra isə onların rəsmlərinə tamaşa edilib.

Qeyd edək ki, sərginin sonunda SİA-ya müsahibə verən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov sərginin əhəmiyyəti haqda fikirlərini belə ifadə edib: " Bu gün dünyanın bütün ölkələrində, o cümlədən Azərbaycanda uşaqlar günü kimi qeyd olunur. Paytaxt Gənclər və İdman İdarəsi olaraq Vergilər Nazirliyi ilə birlikdə "Uşaqların Gözü ilə" rəsm əsərlərindən ibarət layihənin yubileyini yaşadıq və digər tərəfdən Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzi ilə birlikdə "Bədii Qiraət Ustası" adlı layihəni reallaşdırdıq, bu gün isə fərdi sərgi keçirə bildik. İşlərimizdə daha çox uşaqlara üstünlük verdik. Bu günkü sərgidə isə 60-dan çox rəssamın dünyada sərgilədikləri rəsm əsərləri nümayiş olunur. Məqsədimiz isə Azərbaycançılıq ideyasının təbliğidir. Həm də dövlət gənclər siyasəti proqramındakı istedadların üzə çıxarılması istiqamətində görülən işlərə üstünlük verməkdir".