Akademik Milli Dram Teatrı Moldovada mükafat və diplomla təltif olunub - FOTO

1 İyun 2012 17:36 (UTC+04:00)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Moldovada "Ejen İonesko" Beynəlxalq Teatr Festivalında ("BİTEİ-2012") iştirak edib. Teatrdan SİA-ya verilən məlumata görə, Ejen İonesko adına Teatrın Moldova Mədəniyyət və Turizm Nazirliyinin və Kişinyov Bələdiyyəsinin dəstəyi ilə keçirdiyi festival Moldovanın ən mühüm teatr hadisələrindəndir. 1994-cü ildə etibarən keçirilən festivalda dünyanın bir çox ölkələrinin nüfuzlu teatr kollektivləri iştirak edib. Bu dəfə İtaliya, Böyük Britaniya, İspaniya, Yaponiya, Çexiya, Rusiya, Türkiyə, Almaniya, Koreya, Rumıniya, Moldova, Gürcüstan, Ukrayna kimi ölkələrdən 25 teatr kollektivinin iştirak etdiyi festivalda Akademik Milli Dram Teatrı "Xəcalət" tamaşası ilə çıxış edib. H. Mirələmovun eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Dilbər İsmayılovadır.


Azərbaycanın Qarabağ probleminə həsr olunmuş tamaşada xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, əməkdar artistlər Mətanət Atakişiyeva, Əsgər Məmmədoğlu, aktyorlar Əlvida Cəfərov, Məzahir Cəlilov və Xədicə Novruzlu iştirak edirlər. Akademik Milli Dram Teatrı "Qızıl gözlü ilahə" mükafatı və diplomla təltif olunub.