“Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” Milli Teatr Festivalı bu gün başlayır

1 İyun 2012 13:37 (UTC+04:00)

Prezident İlham Əliyevin "Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında" 13 aprel 2010-cu il tarixli Sərəncamına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyində tədbirlər planı təsdiq edilib. SİA-nın məlumatına görə, bu məqsədlə 19 teatra Axundzadə komediyalarının dövlət sifarişi ilə hazırlanması həvalə olunub.


İki mərhələdən ibarət olacaq festivalda (I mərhələ – 1-9 iyun Mingəçevirdə, II mərhələ - Bakıda) 21 teatr 24 tamaşa ilə iştirak edəcək. Lənkəran Dram Teatrı, Salyan Kukla Teatrı, Qax Gürcü Dram Teatrı, Qusar Ləzgi Dram Teatrı, Sumqayıt Musiqili Dram Teatrı tamaşaları öz binalarında nümayiş etdirəcək. Şəki Dövlət Dram Teatrının əsaslı təmirə dayandırıldığı üçün Şəkidə keçirilməsi nəzərdə tutulan "Sərgüzəşti-Mirzə Fətəli Axundzadə" Milli Teatr Festivalının iyun ayında Mingəçevirdə və Bakıda keçirilməsi və festivalda yubiley münasibətilə dövlət sifarişi ilə hazırlanan tamaşaların göstərilməsi qərara alınıb. Bu məqsədlə təşkilat komitəsi və teatr tənqidçiləri qrupu yaradılıb. Təşkilat Komitəsinə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sədrlik edir.