Natali Qule: “Gəlin Bakını öz gözlərinizlə görün”

1 İyun 2012 06:58 (UTC+04:00)

"Azərbaycan "Eurovision–2012" mahnı müsabiqəsinə möhtəşəm ev sahibliyi etdi. Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi yüksək məharət nümayiş etdirdi". SİA-nın verdiyi məlumata görə, bu fikirlər "Eurovision-2012" mahnı müsabiqəsini "Baku Crystal Hall"da canlı izləmiş Fransa senatoru Natali Qulenin AzərTAc-a ünvanladığı məktubda yer alıb. Senator yazır ki, məftunedici işıqlar şəhərinə çevrilmiş gözəl Bakı "Eurovision-2012" ərəfəsində həm müsbət fikirlərin, həm də tənqidlərin, həsəd və istehzaların, əsassız siyasi və diplomatik təxminlərin, eləcə də Azərbaycana qarşı yürüdülən qərəzli mühakimələrin obyekti oldu. "Bu hiddət nəyə gərəkdir? Mən bu qədər mənasız sərt tənqidlərin nədən qaynaqlandığına münasibət bildirəcəyəm".


"Eurovision–2012" Azərbaycana texnoloji imkanlarını nümayiş etdirmək, səriştəli və bacarıqlı insanların sayəsində bütün dünyaya açıq olduğunu xatırlatmaq üçün yaxşı bir fürsət oldu. Bakı müsabiqəsi Azərbaycanın heyrətamiz müvəffəqiyyətidir".


Xanım Natali Qule qeyd edir ki, Bakının ünvanına tənqidlər ədalətsiz və qeyri-obyektivdir. Çünki onlar bu qədim və müasir ölkəni tanımayan insanlar tərəfindən söylənilib. "Bu insanlar bilməlidirlər ki, Azərbaycan regional sabitlik üçün böyük aktordur. Mürəkkəb coğrafiyada yerləşən bu ölkə bir milyon qaçqın və məcburi köçkünün yaranmasına səbəb olan Ermənistanla müharibə vəziyyətindədir".


"Ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında məqsədyönlü və müdrik siyasət yürüdür. Əlbəttə, hər şey mükəmməl deyildir, amma müqayisə oluna biləni müqayisə etmək lazımdır. Bakıda erməni kilsəsi var, halbuki işğal olunmuş Azərbaycan torpaqlarında bütün tikililər, o cümlədən məscid və ibadət yerləri, qəbiristanlıqlar yerlə yeksan edilib. Bu müsəlman ölkəsində yəhudi icması, həmçinin xristian və başqa etiqad sahibləri heç vaxt antisemitizmlə üzləşmədən azad yaşayıb və yaşayırlar. Bakı multikulturalizmin nümunəsidir".


Məktubda bildirilir ki, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan Azərbaycanın xristian dövlətləri ilə müsbət münasibətləri var və bunu Bakının küçələrində aydın görmək olur. "Müharibə vəziyyətində olan hansı başqa ölkə belə liberal ola bilər, vətəndaşlarının azadlığını təmin edə bilər?! Azərbaycan həqiqətən tolerantlıq nümunəsidir, azərbaycanlılar təvazökar, müdrik xalqdır!"


Senatorun məktubu bu sözlərlə bitir: "Gəlin Bakıda görüşək və siz öz gözlərinizlə reallığı görün, jurnalistlərin yazıları ilə razılaşmayın, onların sizin yerinizə düşünmələrinə imkan verməyin!"