Sovet əmanətlərinin qaytarılmasına start verildi

1 İyun 2012 00:20 (UTC+04:00)

"Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən birdəfəlik ödəmələrin verilməsi prosesi bu gündən başlanır.


Fərmana əsasən Nazirlər Kabineti tərəfindən Maliyyə Nazirliyinin nəzdində Xüsusi Komissiya yaradılıb. Komissiyanın vəzifələri əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi, yarana biləcək problemlərin həllini və nəzarəti həyata keçirməkdir.


Bu gündən etibarən sənədləri qaydasında olan vətəndaş əmanət kitabçasındakı kassa nömrəsinə uyğun olaraq təyin olunmuş bank filial və ya şöbəsinə, habelə bu məsələ ilə bağlı yaradılmış xüsusi məntəqələrə müraciət edə bilər. Hazırda bankın 143 (Bakıda 65, regionlarda 78) filial, şöbə və məntəqəsi vardır. Vətəndaş müraciət edəcəyi məntəqəni bankın internet saytında yaradılmış xüsusi bölmədə tapa biləcək.


Maliyyə Nazirliyinin məlumatına görə, qaydalara uyğun gələn əmanət hesablarının sayı 2 milyon 400 mindir. Nazir Samir Şərifovun fikrincə, belə böyük məbləğdə pulun vətəndaşlara qaytarılması nəticəsində yarana biləcək inflyasiya riski aşağıdır. Belə ki, qaytarılacaq pullar istehlak bazarına çıxarılarsa bu, tarazlığı müəyyən mənada poza bilər. Belə bir riskin minimuma endirilməsi üçün nazir əhaliyə alacaqları vəsaitləri yenidən banklara əmanət şəklində yatırmağı məsləhət görüb. Həmçinin, yay aylarında ənənəvi olaraq qiymətlərin enməsi müşahidə olunur. Əmanətlərin qaytarılmasının əsas hissəsi də yay aylarına düşəcək.


Təqdim olunacaq sənədlərin yoxlanılması prosesi maksimum 5 gün çəkəcək. İtirilmiş və yararsız hala düşmüş kitabçaların bərpası ilə isə Xüsusi Komissiya məşğul olacaq. Onların taleyi komissiyanın rəyinə əsasən həllini tapacaq. Mənfi cavab almış vətəndaş yenidən komissiyanın özünə və ya son halda məhkəməyə müraciət etmək hüququna malikdir. Ərizələrin qəbulu ilin sonuna, birdəfəlik ödəmələrin verilməsi isə 2013-cü il dekabrın 31-nə qədər nəzərdə tutulub.


Qaçqın və məcburi köçkünlərin itmiş əmanət kitabçaları da mütləq bərpa olunacaq. Bu məqsədlə Daxili İşlər Nazirliyinin sorğu bazasından da istifadə ediləcək.


Əhalini maraqlandıran bütün suallar isə bu məqsədlə yaradılmış "Qaynar xətt"də iş günləri saat 09.00-dan 18.00-dək cavablandırılır.