Bakıda 17 milyard dollarlıq neft-qaz kompleksi tikilir

31 May 2012 18:29 (UTC+04:00)

Azərbaycanda yeni neft-qaz və neft-kimya emalı kompleksinin tikilməsi üçün aparılan tenderin nəticəsi məlum olub. SİA-nın xəbərinə görə, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov deyib ki, Azərbaycanda yeni neft-qaz və neft-kimya emalı kompleksinin tikintisi layihəsi çərçivəsində lisenziyalaşdırma üzrə məsləhətçi şirkət kimi "Fluor" mühəndislik şirkəti (ABŞ) seçilib. T.Qəhrəmanov bildirib ki, kompleksdə həyata keçiriləcək 40 istehsal prosesindən 27-si üçün lisenziyalar tələb olunur. Onun sözlərinə görə, yaxın bir həftə ərzində şirkətlə müqavilə bağlanılacaq, sonradan 6-8 ay ərzində şirkət müvafiq işləri həyata keçirəcək.

Layihə çərçivəsində 3 tenderin keçiriləcəyini deyən T.Qəhrəmanov vurğulayıb ki, bundan ikisi artıq elan edilib. Onun sözlərinə görə, baş maliyyə məsləhətçisi və baş hüquq məsləhətçisi seçiləndən sonra baş ekoloji məsləhətçisinin seçilməsi planlaşdırılır.

T.Qəhrəmanov vurğulayıb ki, yeni kompleks əsasən sosial məqsədlər üçün istifadə olunacaq və bu, milli layihədir: "Kompleks istifadəyə verildikdən sonra ilkin mərhələdə ildə 10 milyon ton neft və 10 milyard kubmetr qaz burada emal olunacaq. Gələcəkdə qaz emalının miqdarını 15 milyard kubmetrə çatdırılması da nəzərdə tutulur. Burada neft-kimya kompleksləri və digər istehsal müəssisələri işə salınacaq.yeni neft-qaz və neft-kimya emalı kompleksi işə salındıqdan sonra bu sahədə çalışan zavodlara ehtiyac olmayacaq. Hazırda Bakıda iki neft emalı zavodu, bir qaz emalı zavodu və "Azərkimya" müəssisələri fəaliyyət göstərir ki, bunlar yeni kompleks istifadəyə verildikdən tədricən istismarı dayandırılacaq. Həmçinin Bakının bir sıra yerlərində neft bazaları, terminallar sıradan çıxarılacaq. Şirkət rəsmisi vurğulayıb ki, köhnə zavodların yerinə yaşayış binaları, biznes mərkəzləri və digər sosial obyektlər salınacaq".

T.Qəhrəmanov qeyd edib ki, Bakıda tikiləcək yeni neft-qaz kompleksinin qiyməti artırılıb. Onun sözlərinə görə, əgər əvvəl bu kompleksin tikintisinin qiyməti 12-13 milyard ABŞ dolları idisə, hazırda onun qiyməti faizlərlə birlikdə 17 milyard dollar dəyərləndirilib.

Nərmin