Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) aktiv sosial müdafiə proqramlarının icra vəziyyəti və inkişaf perspektivlərinin, əhaliyə xidmətin yüksəldilməsi, o cümlədən elektron xidmətlərin tətbiqi və vətəndaş müraciətlərinin araşdırılması istiqamətində görülən işlərin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib. SİA-nın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun sədrliyi ilə keçən iclasda videkonfrans sistemi vasitəsilə distant formada nazirliyin yerli strukturlarının məsul şəxsləri də iştirak edib. İclasda ünvanlı sosial yardımların ödənişi sisteminin daha da təkmilləşdirilməsi və mərkəzləşdirilmiş qaydada aparılması məqsədilə yeni icra mexanizmlərinin tətbiqi, bununla bağlı seçilmiş 18 pilot rayonda görülən işlər, habelə aktiv sosial müdafiə tədbiri olan "Özünədəstək"-birdəfəlik ünvanlı dövlət sosial yardımı proqramının icrası işlərinin rayonlar üzrə əhatə dairəsinin genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər müzakirə olunub.
Eyni zamanda, yeni sosial xidmət modellərinin tətbiqi və bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin təkmilləşdirilməsi, elektron xidmətlərin tətbiqi istiqamətində aparılan işlər təhlil edilib. İclasda vətəndaşlar tərəfindən nazirliyin ünvanına daxil olmuş ərizə və şikayətlərin araşdırılması, həmçinin bölgələrdə vətəndaşların müraciətlərinə özlərinin iştirakı ilə obyektiv və ədalətli baxılması işlərinin nəticələri təhlil olunmaqla, vətəndaş narazılığına səbəb olan nöqsanlara yol vermiş əməkdaşlar barəsində görülmüş tədbirlər barədə məlumat verilib. Nazir Fizuli Ələkbərov müzakirə olunan məsələlərlə bağlı aidiyyatı strukturların rəhbər şəxslərinə müvafiq tapşırıqlar verib.
Sonda kollegiya iclasının qərar layihəsi oxunaraq qəbul edilib. Qərara əsasən, vətəndaşlara xidmət sahəsində yol verdikləri nöqsanlara görə Ağcabədi, Astara, Lənkəran və Şəmkir rayonlarının direktorlarına intizam tənbehinin tətbiq edilməsi barədə həmin rayonların İcra Hakimiyyətlərinə təqdimatlar verilib. Həmçinin Ağcabədi, Astara, Gədəbəy, Şəmkir, Quba, Lənkəran rayon ƏSMM-lərinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorlarının baş məsləhətçiləri olan ümumilikdə 6 nəfər əməkdaş tutduqları vəzifədən azad ediliblər.