Azərbaycan sülh naminə bütün səylərini ortaya qoyur-TƏHLİL

31 May 2012 16:22 (UTC+04:00)

İlham Əliyev: "Silahlı Qüvvələr NATO standartlarına uyğunlaşdırılacaq, NATO ilə əməkdaşlıq dərinləşəcək"

Azərbaycan NATO əməkdaşlığının tarixi 1992-ci ilin mart ayına təsadüf edir. Rəsmi səviyyədə isə əlaqələr 1994-cü ildən, ulu öndər Heydər Əliyevin prezidentliyi dönəmində, 4 may tarixində Sülh Naminə Tərəfdaşlıq Çərçivə Sənədi imzalaması ilə qoyulub.

Azərbaycana yol göstərən aydın baxışın ifadəsi

Ümummilli lider Heydər Əliyevin SNT Çərçivə Sənədinin imzalanması günü ifadə etdiyi "Müstəqilliyini yeni əldə etmiş bir ölkə kimi Azərbaycan Sülh naminə Tərəfdaşlıq (SNT) Proqramında iştirakda qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün böyük imkanlar görür" cümləsi Avropa və Avro-Atlantika inteqrasiyasında Azərbaycana yol göstərən aydın baxışın bir ifadəsi idi. Ötən illər ərzində Azərbaycan NATO ilə qətiyyət, anlayış və konseptual yetkinliyi ilə xarakterizə edilən tərəfdaşlıq qurub. Azərbaycan post-Sovet məkanında SNT/Qüvvələrin Statusu haqqında Saziş (SOFA) və Planlaşdırma və Analiz Prosesinə (PAP) ilk qoşulan ölkələrdən olub. NATO-nun çevik əməkdaşlıq mexanizmləri, ələlxüsus, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP), geniş islahat gündəliyi izləməyə imkan verən qiymətli vasitələrdir. Məhz praktiki əməkdaşlıq sayəsində ölkəmiz öz hədəflərinə çatır, uğur qazanır və daima yeni hədəflər müəyyənləşdirir. FTƏP prosesi vasitəsi ilə nail olduğumuz davamlı tərəqqi bunu bir daha sübut edir.

Sülhə-dəstək əməliyyatlarına əhəmiyyətli töhfə

Azərbaycan, NATO-nun başçılığı altında aparılan sülhə-dəstək əməliyyatlarına qüvvələr göndərməklə 1999-cu ildən 2008-ci ilədək Kosovada KFOR-un tərkibində və 2002-ci ildən terrorizmlə mübarizə və Əfqanıstanda bərpa işlərində iştirak üçün ISAF-a qoşulmaqla Avro-Atlantik təhlükəsizliyə əhəmiyyətli töhfəsini verir. Azərbaycan Əfqanıstanda sülh və sabitliyin bərqərar olunması üzrə NATO çərçivəsində və digər beynəlxalq siyasi proseslərdə yaxından iştirak edir və Əfqanıstan hökuməti ilə müntəzəm təmaslar saxlayır.

Azərbaycan prezidenti İlham Əliyev bu ilin mayın 21-də ABŞ-ın Çikaqo şəhərində keçirilən NATO-nun 25-ci sammitində çıxış edərək Azərbaycanın ilk illərdən Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin olunmasında bütün səylərini ortaya qoyduğunu vurğulamış, bu sahədə fəallığı ilə seçildiyini bildirib.

Qeyd edək ki, Azərbaycan hazırda 94 hərbi qulluqçusu ilə Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatlarında iştirak edir.

NATO standartlarına inteqrasiya

Hər il Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri SNT çərçivəsində keçirilən 300-dən artıq təlim və seminarda iştirak edirlər. Təlimlərdə iştirak Azərbaycan Silahlı Qüvvələri zabitlərinin bilik və vərdişlərinin artırılmasına yardım edir, ümumilikdə isə ölkənin NATO standartlarına inteqrasiyası üçün zəmin yaradır. Müdafiə Nazirliyi ilə yanaşı, digər müvafiq dövlət təşkilatları da, mütəmadi olaraq Fərdi Tərəfdaşlıq Proqramının (FTP) planlaşdırılması və yerinə yetirilməsi prosesinə cəlb olunurlar.

1997-ci ildən etibarən, Azərbaycan Silahlı Qüvvələrinin hərbi təhsil müəssisələri ATO standartlarına uyğun təhsil proqramı ilə hərbi kadrlar hazırlayır. 2007-ci ildən isə Silahlı Qüvvələrin Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin ştat strukturu NATO standartlarına uyğunlaşdırılmış, bütün təlimlər, hazırlıq proqramları NATO sənədləri və proseduraları əsasında həyata keçirilir

Tərəfdaşlıq sırf hərbi məsələlərlə məhdudlaşmır

Müfəssəl xarakterə malik Azərbaycan-NATO tərəfdaşlığı sırf hərbi məsələlər ilə yanaşı elm, təhsil, ekologiya və humanitar məsələləri də əhatə edir. 2006-2008-ci illərdə NATO maliyyəsi və ekspertizası ilə Mingəçevir və Ələt ərazisində keçmiş sovet ordusundan qalma 1400 ton, vaxtı keçmiş, yüksək zəhərli raket yanacağının zərərsizləşdirilməsi üzrə 2.2 milyon avro məbləğində layihə həyata keçirib.

Növbəti bu tipli layihə NATO və tərəfdaş ölkələrin təşkil etdiyi könüllü maliyyələşmə fondu ilə Ağstafa rayonunun Saloğlu qəsəbəsi yaxınlığında 4400 hektarlıq ərazinin keçmiş sovet ordusundan qalma partlamamış hərbi sursatlardan təmizlənməsi və həmin sursatların zərərsizləşdirilməsinə xidmət edir.

Proqram və sənədlər çərçivəsində əməkdaşlıq

Bununla yanaşı, Azərbaycan NATO ilə Əməliyyat İmkanları Konsepsiyası (OOC), Terrorizm Əleyhinə Tərəfdaşlığın Fəaliyyət Planı, Müdafiə Təsisatlarının Qurulması üzrə Tərəfdaşlığın Əməliyyat Planı (PAP — DİP), "NATO-nun Silahlı Qüvvələrdə Hərbi Təlim və Təhsil sahəsinin təkmilləşdirilməsi" proqramı və başqa sənədlər çərçivəsində əməkdaşlıq edir.

SNT əməkdaşlığının birinci səviyyəsi - FTP tərəfdaş ölkənin qoşulmaq istədiyi fəaliyyətlərin geniş siyahısını özündə əks etdirir. Bu sənəddə əsas diqqət isə tərəfdaş ölkənin hərbi qulluqçularının NATO tərəfindən keçirilən manevrlərdə iştirakına yönəldilir. SNT-nin işlək mexanizmlərindən biri olan FTP geniş sahəli tədris və təlim imkanlarını əhatə edir. Hər il bu çərçivədə Azərbaycan Silahlı Qüvvələrinin 1000-dən çox nümayəndəsi müxtəlif hərbi sahələr üzrə tədris və təlimlərdə iştirak edir.

SNT əməkdaşlığının ikinci səviyyəsi — Proseslərin Planlaşdırılması və Analizi Proqramı (PAP) NATO-nun çoxmillətli əməliyyatlarında, təlimlərində iştirak etmək niyyətində olan tərəfdaş ölkənin Silahlı Qüvvələrinin və ümumiyyətlə, müdafiə sahəsinin qiymətləndirilməsini nəzərdə tutur.

Ən işlək sənəd - FTƏP

2005-ci ilin may ayında Azərbaycanla NATO arasında əməkdaşlıqda mühüm hadisə baş verdi. Əslində bu, SNT əməkdaşlığının üçüncü səviyyəsi - Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (FTƏP) imzalanması ilə bağlı idi. FTƏP bu gün ən işlək sənəd hesab edilir. FTƏP NATO-nun 2002-ci ilin noyabrında Praqada keçirilən sammitində tərəfdaş dövlətlər üçün açıq elan edilib. FTƏP sənədi tərəfdaş dövlətlərin müdafiə və təhlükəsizlik sektorunun NATO-ya inteqrasiyası istiqamətində konkret tədbirləri əks etdirir.

Azərbaycanın NATO ilə FTƏP sənədinin birinci və ikinci mərhələsi əsas etibarilə 4 sahədə: siyasi məsələlər və ümumi təhlükəsizlik problemləri; hərbi, təhlükəsizlik və müdafiə sahəsindəki problemlər; ekologiya, elm problemləri, ictimai məsələlər; informasiya mübadiləsi və inzibati məsələlər sahəsində olan məqsədləri və onların həyata keçirilməsi üçün gerçək müddətləri əhatə edib.

FTƏP-də Dövlət Sərhəd Xidmətinə aid diqqətçəkən müddəalar əksini tapıb. Nəzərə alınmalıdır ki, Azərbaycan DSX postsovet məkanında FTƏP-ə adı salınan ilk sərhəd qurumudur. 2004-cü ildə DSX üzərinə 5 tərəfdaşlıq məqsədi götürərək PAP sənədinə qoşulub, növbəti ildə isə öhdəliklərinin sayını 6-ya çatdırıb. DSX-də ümumilikdə islahatların 2015-ci ilədək başa çatması planlaşdırılır. FTƏP-də Daxili Qoşunlara aid konkret müddəalar əksini tapır. NATO-Azərbaycan əməkdaşlığında Milli Təhlükəsizlik Nazirliyinin iştirakı da maraq doğurur. NATO-nun terrorçuluğa qarşı mübarizə təşəbbüslərini ehtiva edən "PAP-T" planına əsasən MTN üzərinə bir sıra öhdəliklər qoyulub.

Bu ilin aprel ayında alyansın baş katibi Anders Foqh Rasmussenlə görüşündə prezident İlham Əliyev bəyan etdi ki, Silahlı Qüvvələr NATO standartlarına uyğunlaşdırılacaq, NATO ilə əməkdaşlıq dərinləşəcək, ən əsası Azərbaycan Əfqan milli qüvvələrinin formalaşdırılması üçün yaradılan etimad fonduna maliyyə dəstəyi verəcək.