Respublika günü Almaniyada idman tədbirləri ilə qeyd olunub - FOTOLAR

31 May 2012 15:15 (UTC+04:00)

Almaniyanın Hamburq şəhərində Azərbaycanın Müstəqillik günü münasibətilə Böyüklər arasında mini fubol və uşaqlar arasında rəsm müsabiqəsi keçirilib. Hamburqda yeni yaradılmış \"Buta\" cəmiyyətinin eyni adlı 1-ci "Buta" kuboku uğrunda yarişa 7 komanda – \"İnternationaler Bund\" (İB), \"Bakı\", \"Kiel\", \"Rusiya\", \"İsrail\", \"Alex-Elmshorn\" və \"Turan\" qatılıb.

Dairəvi üsulla keçirilən yarışın qalibi \"Bakı\" komandası olub. Ümumilikdə yarış çox gərgin və maraqlı keçib. Sübut üçün təkcə onu demək kifayətdir ki, 1-ci, 2-ci və 3-cü yerləri tutan komandaları bir-birindən cəmi 1 xal ayırıb.

Yeri gəlmişkən 2-ci və 3-cü yerlərə uyğun olaraq \"İB\" və \"İsrail\" komandaları sahib çıxıblar. Qaliblərə üstündə Respublika Günümüzün tarixi qeyd olunmuş Kubok və diplomlar təqdim olunub. Bundan əlavə turnirin ən yaxşı qapıçısı (Namiq, \"Bakı\" komandası) və ən yaxşı oyunçusu (Maziyar, \"İsrail\" komandası) da mükafatlandırılıb.

Balacaların isə ümumiyyətlə, sevincinin həddi-hüdudu olmayıb. Vətənpərvərlik mövzusunda keçirilən rəsm müsabiqəsi məhz onlara aid olub. Qalib gəlmək üçün onların xüsusi bir səylə işləmələrinə tamaşa eləmək ayrı bir ləzzət verib. Sonda isə heç bir uşaq pərişan olmadı – jüri hamının işini bəyənib və uşaqların hamısı mükafatlandırılıb. Xüsusən başqa xalqları təmsil edən uşaqların Azərbaycan haqqında təsəvvürlərini kağız üzərində görmək maraqlı olub. Cəmi 8-10 yaşları olan bu uşaqların işlərində əsasən Xəzər dənizinin təsvir olunması başa düşülən idi. Azərbaycanlı uşaqlar isə üçrəngli bayrağımızı, Qız Qalasını, dağlarımızı, neft buruqlarını kağız üzərinə köçürmüşdülər. Təbii ki, milli musiqimiz belə bir tədbirin bəzəyi olmalı idi. Bu mənada da iştirakçıların xüsusi zövq aldıqlarını əminliklə demək olardı. Avrovisionla daha da məhşurlaşan Azərbaycan musiqisi müxtəlif xalqları təmsil edən iştirakçıları feyziyab edib. Bütün bunları təşkil edən isə bu yaxınlarda yaranmış "Buta" cəmiyyəti olub.

Cəmiyyətin sədri Rüfət Seyidzadənin fikirləri: \"Yarandığımız qısa zamanda artıq ikinci böyük tədbirimizdir. Bundan öncə Xocalı soyqırımı ilə bağlı film axşamı təşkil etmişdik. 100-dən çox adam iştirask etmişdi. Onda Berlindəki Azərbaycanlıların Koordinasiya Mərkəzi də dəstəyimiz olmuşdu. Bu dəfə oz gücümüzü sınadıq. Şükürlər olsun ki, hər şey əla keçdi. Tədbirin ərsəyə gəlməsində göstərdikləri köməyə görə soydaşlarıma, xüsusi olaraq Hamaya Kazımova və Azərbaycan Mədəniyyəti və İnteqrasiya Cəmiyyətinin sədri Aynurə Şahmərdanovaya minnətdarlığımı bildirirəm. İnşallah, bundan sonra da doğma Azərbaycanımızı tanıtdırmaq üçün əlimizdən gələni edəcəyik\".


Biz də öz növbəmizdə \"Buta\" cəmiyyətinə bu işdə uğurlar və işıqlı gələcək arzulayırıq.


Şahin Abasov,

SİA-nın Almaniyadakı xüsusi müxbiri