Separatçılar Xankəndi aeroportunu işə salmağa çalışır

31 May 2012 14:17 (UTC+04:00)

Azərbaycan hökumətinin xəbərdarlıqlarına baxmayaraq, ermənilər işğal altında saxladıqları Xankəndi aeroportunu işə salmağa hazırlaşır. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, hazırda Xankəndi aeroportunda avadanlığın quraşdırılması işləri gedir. Separatçı \"DQR\" rejiminin Mülki Aviasiya İdarəsinin rəhbəri Dmitri Atabaşyan bildirib ki, aeroportun uçuş-eniş zolağında son tamamlanma işləri gedir: "Prinsip etibarilə o, hazırdır. Lakin asfalt bir qədər kələ-kötürdür və ikinci təbəqə gərəkdir".

Xankəndi aeroportunun nə zaman istifadəyə veriləcəyinə gəlincə Dmitri Atabaşyan: "Ola bilsin aeroportu yayın ortalarına kimi açaq", - deyə vurğulayıb.

Qeyd edək ki, ermənilər 2008-ci ildə aeroportun əsas binasının tikintisinə başlayıblar. Separatçı rejim aeroportun açılışını bu il may ayının 9-na planlaşdırsa da, ermənilər texniki səbəblər əsas gətirilərək açılışı qeyri-müəyyən vaxtadək təxirə salıblar.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası isə bəyan edib ki, işğal altında olan Azərbaycan ərazilərində aeroportun tikintisi və Xankəndinə digər ölkələrdən rəsmi Bakının icazəsi olmadan təşkil olunacaq uçuşlar qeyri-qanunidir. Rəsmi Bakı icazə olmadan Xankəndinə uçan təyyarələrə qarşı fiziki məhvetmə də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulan tədbirləri görəcəyini bildirib.