Mətbuat Şurasında Şirməmməd Hüseynovun yeni kitabı təqdim edildi - FOTOLAR

31 May 2012 13:20 (UTC+04:00)

Bu gün Azərbaycan Mətbuat Şurasında (AMŞ) "Məhəmməd Əmin Rəsulzadə. Əsərləri. 1915-1916-cı illər" kitabının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, mərasimdə MŞ İdarə Heyəti üzvləri, ölkənin müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələri təmsilçiləri, jurnalistika sahəsində tanınmış alim və tədqiqatçılar iştirak ediblər.


Tədbirdə çıxış edən MŞ-nın sədri Əflatun Amaşov bildirib ki, əsər M.Ə.Rəsulzadə irsinin yorulmaz tədqiqatçısı, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Şirməmməd Hüseynovun uzun və səmərəli axtarışlarının nəticəsi kimi ərsəyə gətirdiyi üçüncü kitabdır: \"Bakının "Elm" nəşriyyatında çapdan çıxmış 600 səhifəlik kitaba mütəfəkkirin 1915-1916-cı illərdə "İqbal", "Yeni iqbal", "Açıq söz" qəzetlərində, "Qurtuluş" məcmuəsində işıq üzü görmüş 200-ə yaxın əsəri daxil edilib. Tədbir iştirakçıları isə öz növbəsində müəllifə öz təbriklərini çatdırıblar.


Kitabın müəllifi tədbirin sonunda vurğulayıb ki, 20 ildir ki, sifarişsiz və təmənnasız bu böyük millət fədaisinin əsərlərini araşdırmaq, toplamaq və nəşr etdirməklə məşğuldur. Müəllifin fikrincə, M. Ə. Rəsuzadənin dövlət müstəqilliyini qazanmaq fikri, məfkurəsi məhz bu illərdə yaranıb: \"İki il sonra mayın 28-də bu arzu çin oldu. Azərbaycanın müstəqilliyi elan edildi\". Şirməmməd Hüseynov ümid edir ki, müstəqil Azərbaycan Cümhuriyyətinin banisi M.Ə. Rəsulzadənin əsərlərinin üçüncü cildini də oxucular rəğbətlə qarşılayacaqlar.


O, 1992-ci ildə əsrlərin birinci cildini (1903-1909), 2001-ci ildə ikinci cildini (1909-1914) nəşr etdirib. 11 il sonra çıxan üçüncü cilddə isə 1915-1916-cı illərdə "İqbal", "Yeni İqbal", "Açıq söz" qəzetləri və "Qurtuluş" məcmuəsində dərc edilmiş əsərlər toplanıb.


Qeyd edək ki, Şirməmməd Hüseynov kitabın araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, Ön sözün müəllifi və lüğətin tərtibçisidir. Bu kitab Şirməmməd müəllimə verilən təqaüddən qənaət etdiyi vəsaitlə "Elm" nəşriyyatında nəşr olunub. Kitabın Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün də faydalı olacağı bildirilir.